İdman

Dünya Kuboku başlamadan qalmaqalla üzləşdi: Viza böhranı gündəmdədir

Bugun.tv xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi FIFA Dünya Kuboku 2026-nın startına iki gün qalmış turnuva viza problemləri və giriş məhdudiyyətləri ilə gündəmə gəlib.

Meksika ilə Cənubi Afrika arasında keçiriləcək açılış oyunu ilə başlayacaq mundial ərəfəsində ABŞ-ın miqrasiya və təhlükəsizlik qaydaları bir sıra iştirakçıların ölkəyə girişində çətinliklər yaradıb.

Məlumata görə, Afrika Futbol Konfederasiyası tərəfindən turnuvaya təyin olunan və 2025-ci ildə Afrikanın ən yaxşı kişi hakimi seçilən somalili Omar Abdulkadir Artanın ABŞ-a girişinə icazə verilməyib. FIFA hakimin Dünya Kubokunda iştirak etməyəcəyini təsdiqləyib. ABŞ rəsmiləri qərarı təhlükəsizlik yoxlamaları ilə əsaslandırıblar.

Viza problemlərinin yalnız hakimlərə deyil, komandalara və azarkeşlərə də təsir etdiyi bildirilir. İran milli komandasının ölkəyə giriş prosedurları sərtləşdirilib, çoxsaylı Şotlandiya azarkeşlərinin isə səyahət icazələrinin son anda ləğv edildiyi qeyd olunur. İngiltərə millisinin sabiq futbolçusu İan Rayt yaranmış vəziyyəti “Xaos Dünya Kuboku” adlandırıb.

Bu arada, İran Futbol Federasiyası da Dünya Kuboku üçün ayrılmış azarkeş biletlərinin kontingentinin ləğv edildiyini açıqlayıb. Federasiya mövcud şəraitdə azarkeşlərə bir dənə də olsun bilet təqdim edə bilmədiklərini bildirib. Qərarın kim tərəfindən verildiyi barədə isə məlumat açıqlanmayıb.

Turnuva öncəsi emosional məqamlardan biri də mərhum portuqaliyalı futbolçu Dioqo Jotanın ailəsi ilə bağlı olub. Jotanın həyat yoldaşı Rute Kardozo Şotlandiya millisinin kapitanı Endi Robertsona məktub ünvanlayaraq, mərhum futbolçunun Dünya Kubokunda iştirak etmək arzusunu xatırladıb.

Favoritlərdən hesab olunan Fransa millisi isə hazırlıq oyununda Şimali İrlandiyanı 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın qəhrəmanı het-trik edən Maykl Olise olub. Bu görüş həm də baş məşqçi Didye Deşamın Fransa millisinin sükanı arxasında son ev oyunu kimi yadda qalıb.

Dünya çempionu Argentina isə mundial öncəsi son sınağında İslandiya ilə üz-üzə gələcək. Komandanın baş məşqçisi Lionel Skaloni zədədən qayıdan Lionel Messinin bu oyunda müəyyən müddət meydanda olacağını təsdiqləyib.

Qeyd edək ki, Dünya Kubokunun final oyunu iyulun 19-da keçiriləcək. Final üçün Nyu-Yorkun məşhur Central Parkında 50 min nəfərlik nəhəng azarkeş zonası yaradılacaq.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

UEFA-nın FİFA-nı boykotu baş tutarsa nə baş verəcək?

Aynur Camal

UEFA FİFA-nı boykot etməyə hazırlaşır – Dünya Kubokunun satışı planına etiraz

Aynur Camal

FİFA Dünya Kuboku kommersiya hüquqlarının satış planına görə tənqid olunur: “Futbolun ruhu satılır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu