Bugun.tv xəbər verir ki, dünya üzrə vaxtın dəqiqliyini təmin edən beynəlxalq qurumlar atom saatları ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan “artıq saniyə” tətbiqini dayandırmaq qərarı veriblər. Yeni qaydanın 20 may 2027-ci ildə qüvvəyə minməsi nəzərdə tutulur.
TRT Haber-in məlumatına görə, qərar oktyabrın 15-də Fransada keçirilən Ölçü və Çəkilər üzrə Baş Konfransın iclasında qəbul edilib. Beynəlxalq Ölçü və Çəki Bürosunun (BIPM) açıqlamasına əsasən, dəyişikliklə atom saatlarına əsaslanan Koordinasiyalı Ümumdünya Vaxtı (UTC) ilə Yer kürəsinin fırlanmasına əsaslanan astronomik vaxt arasındakı fərqin bir saata, yəni 3600 saniyəyə qədər artmasına icazə veriləcək.
Atom saatları olduqca dəqiq işləsə də, Yer kürəsinin fırlanma sürəti Ayın cazibəsi, planetin daxili prosesləri və digər təbii amillər səbəbindən dəyişir. Bu fərqi azaltmaq üçün 1972-ci ildən indiyədək vaxta 27 dəfə əlavə saniyə daxil edilib. Sonuncu dəfə bu düzəliş 31 dekabr 2016-cı ildə həyata keçirilib.
Artıq saniyələrin əlavə edilməsi kompüter serverləri, telekommunikasiya şəbəkələri, maliyyə əməliyyatları və digər rəqəmsal sistemlərdə texniki problemlərə səbəb ola bilir. Məsələn, əvvəlki düzəlişlər zamanı bəzi internet platformalarında və aviaşirkətlərin sistemlərində nasazlıqlar yaranıb.
Yeni qərar gündəlik həyatda saatların dərhal dəyişməsi demək deyil. Əsas məqsəd beynəlxalq vaxt sisteminin fasiləsiz işləməsini təmin etmək və texnoloji sistemlərdə qəfil düzəlişlərdən yaranan riskləri azaltmaqdır.
Mənbə: TRT Haber
