Okean sularının istiləşməsi və dənizdə istilik dalğalarının artması mərcan riflərinin gələcəyini təhdid edir. Alimlər bildirirlər ki, lazımi tədbirlər görülməsə, bir çox rif ekosistemi 2075-ci ilədək dağılma riski ilə üzləşə bilər.
Bugun.tv xəbər verir ki, dünyada qiymətləndirilən dayaz su mərcan rifləri ekosistemlərinin 96 faizi kritik təhlükə kateqoriyasına daxil edilib. Science Mail elmi nəşrinin “Mail.ru” saytında yaydığı məlumata görə, bu nəticə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) apardığı qlobal qiymətləndirmədə əksini tapıb.
Araşdırma tropik və subtropik ərazilərdə, 80-dən çox ölkə və ərazidə yerləşən 127 mərcan rifləri ekosistemini əhatə edib. Onlardan 122-si kritik təhlükə altında olan ekosistemlər kimi qiymətləndirilib. Avstraliyada araşdırılan 17 rif ekosisteminin hamısı da bu kateqoriyaya daxil edilib.
Əsas təhlükə okeanların istiləşməsidir
Mütəxəssislərin fikrincə, mərcan rifləri üçün ən ciddi təhlükə iqlim dəyişikliyi nəticəsində okean sularının istiləşməsidir. Suyun temperaturu normadan artıq yüksəldikdə mərcanlar onları qidalandıran yosunlarla əlaqəsini itirir, rəngini dəyişərək ağarır. İstilik stressi uzun müddət davam edərsə, mərcanlar ölə bilər və bütöv ekosistemlər zərər görə bilər.
Mərcan rifləri dəniz canlılarının təxminən dörddə birinə yaşayış mühiti yaradır. Onlar həmçinin sahilboyu əraziləri dalğaların təsirindən qoruyur, balıqçılıq və turizm üçün mühüm əhəmiyyət daşıyır. Bu ekosistemlərin zəifləməsi həm dəniz canlılarına, həm də dolanışığı okeanlardan asılı olan milyonlarla insana təsir edə bilər.
Bununla belə, “kritik təhlükə altında” statusu mərcan riflərinin artıq məhv olması demək deyil. Alimlər hesab edirlər ki, istixana qazı emissiyalarının azaldılması, dənizlərin çirklənməsinin məhdudlaşdırılması, davamlı balıqçılıq və riflərin bərpası istiqamətində tədbirlər onların gələcəyini qorumağa kömək edə bilər.
Mənbə: mail.ru
