Dünyada hava keyfiyyəti və iqlim göstəricilərini izləyən AQI platformasının hesabatına görə, aprelin son günlərində qeydə alınan məlumatlar tarixdə görünməmiş istilik dalğasını ortaya çıxarıb. Belə ki, Yer kürəsinin ən isti 50 şəhərinin hamısı Hindistan ərazisində yerləşib.
Məlumata əsasən, normalda ilin ən isti dövrü hesab olunmayan aprel ayında Hindistanda orta maksimal temperatur 44,7 dərəcəyə çatıb. Siyahının ilk sırasında Uttar Pradeş ştatının Banda şəhəri qərarlaşıb. Burada havanın temperaturu 46,2 dərəcə ölçülərək həmin gün dünyada qeydə alınan ən yüksək göstərici olub.
İqlim mütəxəssisləri bildirirlər ki, Hindistanın daxili bölgələrində müşahidə olunan bu ekstremal istilər aprel ayı üzrə yüzlərlə rekordun yenilənməsinə səbəb olub. Alimlər xəbərdarlıq edirlər ki, qlobal iqlim dəyişikliyi səbəbindən ölkədə yay mövsümü hər il daha erkən başlayır və daha sərt keçir.
Proqnozlara görə, 2050-ci ilə qədər Hindistanda temperatur səviyyəsi hətta sağlam insanlar üçün belə “yaşamaq həddini” aşa bilər. Xüsusilə yaşlılar, uşaqlar və açıq havada çalışan insanlar üçün vəziyyətin ciddi təhlükə yaratdığı vurğulanır.
Eyni zamanda, ölkənin enerji böhranı ilə də üz-üzə qaldığı bildirilir. Orta Şərqdəki müharibələrin neft tədarükünə təsiri və soyutma ehtiyacının artması vəziyyəti daha da çətinləşdirir.
Mütəxəssislər El Nino hava hadisəsinin təsiri ilə musson yağışlarının normadan az olacağını, havadakı rütubətlə birlikdə hiss olunan temperaturun bəzi bölgələrdə 50-60 dərəcəyə qədər yüksələ biləcəyini açıqlayıblar.
Mənbə: Trt.haber
