14 C
Baku
28 Mart 2024, 17:43
Siyasət

E.Həsənov: “Ermənistan formal və gələcəyi olmayan bir dövlətdir”-MÜSAHİBƏ+ÖZƏL

“Ermənistanın baş naziri Nikol Paşinyanın xahişi ilə Rusiya prezidenti Vladimir Putinlə arasında telefon danışığı olub. Bu danışıq nəticəsində Paşinyan  həmişə olduğu kimi, yenə də şikayətlənməyə başlayıb. Xüsusi ilə də martın 5-də baş vermiş təxribatla bağlı birtərəfli mövqeyini bildirib. Və yenə də  həmişəki  kimi Azərbaycanı günahlandırıb. Rusiyanın bu bölgədə olan hər bir hadisəyə ünvanlı reaksiyasının vacibliyini vurğulayıb. Eyni zamanda, humanitar blokadanın davam etdiyini bildirsə də, təbii ki, Rusiya tərəfi Şuşa-Laçın yolunda blokada olmadığının şahididir. Çünki rus sülhməramlıları hər gün o yoldan istifadə edirlər”.

Bunu politoloq Elşad Həsənov Bugun.tv-yə özəl müsahibəsində bildirib.

“Bu gün ekofəalların aksiyasının 93-cü günüdür. Bu müddət ərzində oradan 3600-dən artıq maşın keçib. Bura ərzaq, yanacaq, tibbi ləvazimat və digər humanitar yardım daxildir. Ekofəalların sayəsində  Azərbaycanın yeraltı sərvətlərinin – qızıl və mis yataqlarından çıxarılan məhsulların  qarət olunmasının qarşısı alınıb. Ancaq onu deməliyik ki, Rusiya sülhməramlılarının vasitəsilə nələrin daşınmasına biz nəzarət edə bilmirik deyə, bu barədə məlumatsızıq. Ancaq onu bilirik ki, Ermənistandan Dağlıq Qarabağ  ərazisində qeyri-qanuni yerləşən silahlı qüvvələrə silah-sürsat daşınır. Eyni zamanda, hərbçilərin rotasiyası həyata keçirilir. Bundan əlavə, Xankəndi-Turşsu-Xəlfəli  torpaq yolundan qaçaqmalçılıq edən ermənilər çoxdan istifadə edirlər”,- deyə politoloq qeyd edib.

“Hamıya məlumdur ki, martın 5-də Azərbaycanın Müdafiə Nazirliyinin əməkdaşları əməliyyat keçirən zaman onların maşınlarına baxış keçirtmək istəyib. Erməni tərəfi isə buna etiraz edərək bizim əsgərlərə atəş açıb. Nəticədə iki nəfər hərbçimiz şəhid olub. İnsident zamanı onların üç hərbiçisi məhv edilib.  Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan bunu başa cür qiymətləndirir. Onu da qeyd edim ki, son dövrlər, xüsusilə də ötən ilin yayından başlayaraq, Ermənistanın siyasi hakimiyyəti Rusiyaya, xüsusilə də Vladimir Putinə qarşı xüsusi aksiyalar keçirirlər və onları hər yerdə tənqid edirlər. Mitinqlərdə isə hətta, Putini təhqir edirlər”,- o bildirib.

E.Həsənovun sözlərinə görə, ötən ilin sonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMK) İrəvanda keçirilən toplantısında Paşinyan yekun akta qol çəkməkdən imtina etdi. Yanvar ayında KTMK-nın İrəvan ərazisində təlimləri keçiriliməli idi, Ermənistan buna da icazə vermədi. Yəni Ermənistanın Rusiyadan qopmaq cəhdi artıq göz qabağındadır. Ancaq biz bilirik ki, Ermənistanın iqtisadiyyatının 70 faizdən çoxu rusların əlindədir və onlara məxsusudur. Eyni zamanda, Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir və Ermənistanın sərhədini Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin  (FTX) sərhəd qoşunları qoruyur. Yəni Ermənistan Rusiyanın tam nəzarəti altındadır. Ancaq bunların apardığı son siyasət budur ki, onlar Rusiyadan ayrılmaq istəyirlər. Bunun üçün  Fransanın patronajlığı altında Avropa İttifaqına (Aİ) ümumilikdə 200 nəfər müşahidəçi  təyin olunub. Onlardan 70 nəfəri Fransanın jandarma qüvvəsi, 30 nəfəri isə Almaniyanın polis əməkdaşlarıdır.  Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu, Rusiyaya qarşı aktdır. Onların Azərbaycan və Rusiyadan icazə almadan ora yerləşdirilməsi Ermənistanın Rusiyadan qopmaq istəməsinin əyani göstəricisidir.

“Eyni zamanda, Kremlin sözçüsü Marqarita Simonyan çıxışında Ermənistanı və onun siyasi rəhbərliyini ciddi tənqid edərək onlara bildirmişdi ki, Ermənistanın bu gün dövlət kimi var olması, Rusiyanın sayəsindədir. Əgər Rusiya olmasaydı, 44 günlük müharibədə Ermənistan bütün ərazisini itirəcəkdi və süquta uğrayacaqdı.

Və Paşinyanın özünün xahişi  ilə Putinlə danışması və ondan kömək istəməsi biraz düşündürücüdür. Nə olub? Aİ Ermənistanı dəstəkləyir, Ermənistanın “bacısı” Fransa onun yanındadır, onunla daim təmasdadır. Nə oldu ki, birdən-birə Paşinyan Putinə zəng edib, ona şikayətlər edir? Görünür ki, Emənistan rəhbərliyi müstəqil deyil, sərbəst öz siyasətini yürüdə bilmir. Gah Avropa tərəfə qaçır, gah Fransaya sığınır, gah İranla həmfikir olur, çətinə düşəndə isə Rusiyaya sığınır.

Bu da onu göstərir ki, Ermənistan formal və gələcəyi olmayan bir dövlətdir. Ona görə də Cənubi Qafqazda özünə yer tutmaq istəyən dövlətlərin sayı son zamanlar artıb. Bura Ai-nın bəzi olkələri, o cümlədən, Fransa və İran daxildir. Bu da Ermənistanın sayəsində baş verir”,- politoloq vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

G7 dövlətləri Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşmasını alqışlayırlar

Nigar Məmmədova

Milli Məclis Fransa senatında beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat qəbul edib

Aynur Camal

ABŞ-da prezidentliyə yeni namizəd

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu