“Türk Dövlətləri Təşkilatının fövqəladə toplantısının Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkiyədə keçirilməsi, iki ölkənin münasibətlərinin hansı səviyyədə olduğunu, eyni zamanda “Bir millət, iki dövlət” anlayışının sözdə deyil, əməldə göstəricisidir. Xatırladaq ki, daha öncə Cənab Prezidentin təşəbbüsü ilə bu konfransın Şuşada keçirilməsi nəzərdə tutulmuşdu”.
Bu fikirləri Prezident İlham Əliyevin Türkiyə səfərini şərh edərkən, politoloq Elçin Mirzəbəyli Bugun.tv-yə bildirib.
“Məlumdur ki, Türkiyədə baş verən zəlzələ böyük dağıntılara səbəb oldu. Bu fəlakətin fonunda türk dövlətləri başçılarının Ankarada toplaşması və Türkiyəyə öz dəstəklərini ifadə etməsi, birlik nümayişi idi. Həm də mənəvi cəhətdən hər bir Türk dövlətinin üzərinə düşən vəzifə idi və bu missiya gerçəkləşdi. Dünyanın gözü qarşısında yenə də qardaş Türkiyəyə hərtərəfli dəstək ifadə olundu. Məlum olduğu kimi ölkəmiz zəlzələnin ilk anlarından qardaş Türkiyənin yanında olub və hərtərəfli dəstək verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyədə xilasetmə əməliyyatlarında uğurla iştirak ediblər. Azərbaycan vətəndaşlarının nümayiş etdirdiyi qardaşlıq sevgisi və yardımsevərliyi xüsusi olaraq qeyd olunmalıdır”,- politoloq qeyd edib.
E.Mirzəbəylinin sözlərinə görə, toplantıda çox önəmli mesajlar verilib. Xüsusi olaraq, Cənab Prezidentin həm Türkiyədə baş verən zəlzələ ilə bağlı, həm də türk dövlətlərinin ortaq lahiyələrinin həyata keçirilməsi ilə bağlı səsləndirilən fikirlər, əslində “yol xəritəsi” xarakteri daşıyırdı. Azərbaycan və Türkiyə mahiyyət etibarı ilə türk dövlətlərinin birliyini təşkil edir. Çünki ilk olaraq proses bizim ölkələrimiz tərəfindən başladılıb və irəliyə doğru aparılıb. Naxçıvan bəyannaməsindən sonra türkdilli dövlətlərin təsisat olaraq ortaya çıxmasına zəmin yaranıb. Türk dövlətləri Təşkilatının da bu prosesin içərisindən zamanla ortaya çıxması, həyata keçirilən birgə işlərin, diplomatik mustəvidə göstərilən fəaliyyətin, dövlətlərarası münasibətlərin inkişafı ilə bağlı nümayiş etdirilən səylərin nəticəsidir.
“Böyük bir proses geridə qalıb. Bu gün Türk dünyasının iqtisadi əməkdaşlığı üçün bütün imkanlar var. Vaxtı ilə Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat dəhlizləri layihələri bu gün Türk dövlətlərinin enerji sektorunda əməkdaşlıq üçün çox geniş imkanlar yaradıb. Bu bir platformadır və bu platforma üzərindən daha möhkəm əməkdaşlıq münasibətlərinin qurulması üçün imkanlar imkanlar yaradır. Tədbirdə önəmli olan məqamlardan biri mülki müdafiə sahəsində ortaq təsisatın yaranmasıdır. İndi bütövlükdə təşkilatlanma prosesi gedir. Zamanla bu bağlar daha da möhkəmlənəcək və inkişaf edəcək”,- E.Mirzəbəyli bildirib.
“Mən Cənab Prezidentin çıxışında digər bir məqama diqqət çəkmək istəyirəm. Dövlətimizin başçısı Səmərqənddə keçirilən zirvə görüşündə də eyni yanaşmanı sərgiləmişdi. Türk dövlətlərinin arealının indiki ərazilərindən dəfələrlə böyük olduğunu vurğulamışdı. Qeyd etmişdi ki, təkcə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan yanlız 10 milyonunun müstəqil dövləti var. Bu aspektdən mən bu mesajı xüsusilə də türk dövlətlərinin çərçivəsindən səsləndirilən mesajı önəmli bir hesab edirəm. Düşünürəm ki, dünyada yaşayan bütün azərbaycanlılar, türklər vahid bir ideya ətrafında birləşərək, vətənlərinin inkişafı istiqamətində öz mövqelərini ortaya qoymalıdırlar. Nəticə etibarı ilə biz böyük bir prosesin içərisində yer almışıq və bu proses Azərbaycan və Türkiyənin bilavasitə səyi nəticəsində irəliyə doğru aparılıb. Türk dünyasının çox böyük perspektivi var. Bu sadəcə sözdə ifadə olunan bir məsələ deyil. Əgər bu gün Azərbaycanın, Türkiyənin, eyni zamanda Orta Asiya türk dövlətlərinin resurslarını, təbii ehtiyatlarını, insan kapitalını nəzərə alsaq, biz bu potensialın nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Digər tərəfdən də həm Azərbaycan, həm Türkiyə faktiki olaraq orta dehlizin üzərində yerləşirlər. Nəqliyyat dəhlizinin tam funksional şəkildə həyata keçməsi, nəticə etibarı ilə türk dövlətlərinin ərazisini dünyanın ən böyük və ən multimodal bir dəhlizinə çevrilə bilər. Bu perspektivlər şübhəsiz ki, türk dünyasının gələcəyi üçündür. Bu perspektivlər şüphesiz ki türk dünyasının gələcəyi üçündür. Mən düşünürəm ki, Türkiyədə keçirilən son toplantı və Cənab Prezidentin səsləndirdiyi fikirlər türk dünyasının gələcəyinə böyük ümidlər olduğunu nümayiş etdirir”,-politoloq qeyd edib.
Müəllif: Qaytən Qasımzadə