“Nikol Paşinyanın açıqlamalarındakı ziddiyyətlər ciddi təhlilə ehtiyac olmadan da nəzərə çarpır. Ermənistanın baş naziri bir tərəfdən qeyd edir ki, ölkəsinin ərazisindən Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan torpaqlarına silah-sursatın daşınması ilə bağlı məlumatlar rəsmi Bakının ekskalasiya üçün istifadə etdiyi təbliğat yalanıdır. Digər tərəfdən isə, Azərbaycan Ordusunun Laçın yolu istiqamətindəki bir sıra yüksəklikləri, həmçinin sərhəd boyu geniş əraziləri nəzarətə götürməsi faktını inkar edir. Bir açıqlamada ardıcıl olaraq, bir-birini təkzib edən iki fakt var”.
Bu fikri politoloq Elçin Mirzəbəyli Bugun.tv-yə özəl müsahibəsi zamanı söyləyib.
E. Mirzəbəyli bildirir ki, Paşinyan yenə də ənənəvi söz oyunu ilə diqqəti reallıqdan yayındırmağa çalışır. Məsələn, deyir ki, Ermənistan yeni yolu açıb və bu ölkənin sərhədçiləri həmin yolu qoruyacaq. Aydındır ki, Ermənistan yolun özünə aid olan hissəsini çəkib və bu ölkənin sərhədçiləri də elə həmin hissədə nəzarəti həyata keçirəcəklər. Yolun Azərbaycan hissəsinə nəzarət isə Azərbaycan sərhədçilərindədir. Yəni bu halda yola Ermənistan sərhədçilərinin nəzarətindən söhbət gedə bilməz.
“Ermənistan sərhədçiləri sadəcə hələ delimitasiya olunmamış sərhədin nisbi olaraq götürülən sərhədində – indiki halda Ermənistan ərazisində dayanıblar. Ermənistan ərazisindən keçən yolun Ermənistan sərhədçiləri tərəfindən qorunmasını isə, ən yaxşı halda bu barədə təsəvvürü olmayan biri danışa bilər. Yolun Ermənistan ərazisindən keçən hissəsi onsuz da Ermənistan ərazisidir və bu ərazidən çox güman ki, onlarla əsas və köməkçi yollar keçir. Ermənistan sərhədçiləri öz ölkələrinin ərazisindəki yolları hansı səbəbdən qorumalıdırlar ki? Belə anlaşılır ki, Paşinyan Laçın yolunun Ermənistan ərazisindən keçən hissəsini də Azərbaycanın eksklavı hesab edir”,- politoloq vurğulayıb.