31.3 C
Baku
10 Avqust 2026, 16:16
Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Ekspert: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi

Siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti şərh edib.

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.

Ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib. Onun sözlərinə görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Rusiya-Ukrayna böhranının ilkin səbəbləri aradan qaldırılmadan Moskvanın müharibənin dondurulmasına razı olmayacağı barədə açıqlaması Rusiyanın müharibəni davam etdirməkdə maraqlı olduğunu göstərir.

Məhəmməd Əsədullazadə qeyd edib ki, sentyabrdan etibarən səfərbərlik istiqamətində müəyyən addımların atılması, həmçinin Şimali Koreyadan 35-40 minə yaxın hərbçinin Rusiyaya və ya Ukrayna cəbhəsinə gətirilməsi ilə bağlı məlumatlar Moskvanın hərbi potensialını artırmağa çalışdığını göstərir.

Ekspertin fikrincə, Rusiya bir tərəfdən ABŞ-ın vasitəçiliyini önə çəkir, digər tərəfdən isə əvvəlki razılaşmalara qayıdış məsələsini gündəmə gətirir. O hesab edir ki, Moskva bununla ABŞ-a müəyyən mesajlar verməyə və Vaşinqtonun münaqişədə tərəf olmadığını vurğulayaraq Amerikanı xüsusilə hərbi müstəvidə Ukrayna böhranından kənarda saxlamağa çalışır.

Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından Vaşinqtonun artıq Vladimir Putinin danışıqlarda real maraqlı olmadığı və danışıqları uzatmağa çalışdığı qənaətinə gəldiyi görünür. Onun sözlərinə görə, bunun fonunda Ukraynaya hərbi yardımlar artırılır və Konqresdə Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsi Moskvanın iqtisadiyyatına ciddi təzyiq göstərə bilər.

Ekspert əlavə edib ki, Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə bağlı Ukraynaya müəyyən texnoloji və lisenziya verilməsi yaxın perspektivdə mümkün ola bilər. O qeyd edib ki, Patriot kimi mürəkkəb sistemlərin istehsalı çoxsaylı texniki və hüquqi razılaşmalar tələb edir və prosesin qısa müddətdə reallaşması asan deyil.

Məhəmməd Əsədullazadənin fikrincə, Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı əvvəlki mövqeyindən müəyyən mənada geri çəkilib və Ukraynaya daha açıq dəstək verir. Bununla yanaşı, Türkiyənin də Ukraynaya hərbi dəstəyini genişləndirmək, o cümlədən ATACMS raketlərinin tədarükü məsələsini nəzərdən keçirmək niyyəti Qərbin Rusiyaya qarşı mövqeyinin sərtləşdiyini göstərən amillərdəndir.

Ekspert hesab edir ki, qarşıdakı mərhələdə Rusiyaya qarşı daha ciddi iqtisadi və siyasi təzyiqlər tətbiq oluna, eyni zamanda Ukraynaya hərbi yardımlar artırıla bilər. Onun sözlərinə görə, məqsəd Rusiyanı hərbi yolla məğlub etməkdən daha çox, Moskvanın danışıqlar masasına daha real və güzəştə hazır mövqedə oturmasını təmin etmək ola bilər.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi artıq yalnız regional qarşıdurma deyil, Qərblə Rusiya arasında daha geniş geosiyasi rəqabətin yeni mərhələsinə çevrilib. Onun fikrincə, Rusiyanın Çin və Şimali Koreyadan müxtəlif formalarda dəstək alması vəziyyəti daha da mürəkkəbləşdirir.

Ekspertin qənaətinə görə, dünya faktiki olaraq yeni geosiyasi qarşıdurma mərhələsinə daxil olur. Rusiya ilə Qərb arasındakı hərbi-siyasi rəqabətin dərinləşməsi Avropada təhlükəsizlik balansını daha da dəyişə və Ukrayna müharibəsinin yaxın perspektivdə başa çatmasını çətinləşdirə bilər.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini

Aynur Camal

Oxşar xəbərlər

Ekspert: Vaşinqton anlaşmasından bir il sonra regionda yeni iqtisadi imkanlar yaranır

Aynur Camal

Ekspert: Paşinyanın İlham Əliyevə zəngi sülhün bərqərar olduğunun göstəricisidir

Aynur Camal

Ukrayna və Rusiya bir-birini ölümcül hücumlarda ittiham edir, Odessa limanına ziyan dəydi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu