Bugun.tv xəbər verir ki, Əlcəzairin şimal-şərqində güclü istilər fonunda meşə yanğınları geniş yayılıb. Al Jazeera-nın 27 avqust tarixli məlumatına görə, ölkədə yalnız bir gün ərzində 154 meşə yanğını qeydə alınıb. Təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, 54 nəfər yaralanıb. Yaralananlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.
Yanğınlar xüsusilə Əlcəzairin şimal-şərqindəki meşəlik və dağlıq ərazilərdə yayılıb. Güclü istilər, quru hava və külək alovun nəzarətdən çıxmasına şərait yaradıb.
Xilasetmə və yanğınsöndürmə qrupları bir neçə istiqamətdə əməliyyatlar aparır. Hadisədən zərər çəkən yaşayış məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Mütəxəssislər Şimali Afrikada temperaturun yüksəlməsi və uzunmüddətli quraqlığın meşə yanğınları riskini artırdığını bildirirlər. Əlcəzairdə baş verən son hadisə də regionda ekstremal hava şəraitinin yaratdığı təhlükələri bir daha nümayiş etdirib.
Fransanın “Le Monde” nəşri də 27 avqustda Əlcəzairdə onlarla yanğının davam etdiyini və bölgədə çoxsaylı yaşayış məntəqələrinin təhlükə altında olduğunu yazıb.
Mənbə: Al Jazeera
