29 C
Baku
16 İyul 2024, 19:40
Baş xəbər

Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında Fərman

Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində idarəetmənin təkmilləşdirilməsini, görülən işlərin səmərəliliyinin artırılmasını, habelə vahid informasiya sistemi üzərindən xidmətlər göstərilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Elektron Rəqabət İnformasiya Sistemi (bundan sonra – ERİS) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edir;

2.2. ERİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir;

2.3. ERİS-in yaradılması və saxlanılması ilə bağlı xərclər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına həyata keçirilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. ERİS haqqında əsasnamənin layihəsini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi altı ay müddətində ERİS-in formalaşdırılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

5.1. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, ERİS-in aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin;

5.2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, ERİS-in “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

6.1. ERİS-i mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və onun təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirsin;

6.2. ERİS-in informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2024-cü il

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

FETÖ əməliyyatında 9 nəfər yaxalandı

Bugün TV

Almaniyada dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan “İmperator vətəndaşları”na qarşı reydlər keçirilib

Bugün TV

Almaniya ötən il 12,2 milyard avro dəyərində silah satıb

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu