Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan gənclərin iştirakı ilə əlil arabasından istifadə edən əlilliyi olan şəxslər üçün Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış ilk elektrik nəqliyyat vasitəsi (ENV) üzrə nəzəri və praktiki təlim keçirilib.
Bugun.tv-yə daxil olan məlumata görə, təlim zamanı iştirakçılara elektrik nəqliyyat vasitəsinin texniki göstəriciləri, konstruktiv xüsusiyyətləri, təhlükəsizlik standartları, istismar qaydaları və gündəlik istifadədə yaratdığı üstünlüklər barədə ətraflı məlumat verilib. Praktiki nümayiş zamanı ENV-nin şəhər mühitində hərəkət imkanları, idarəetmə mexanizmi və əlilliyi olan şəxslərin fərdi mobilliyini artıran funksiyaları təqdim olunub.

Bildirilib ki, tədbirin əsas məqsədi peşə təhsili alan gənclərdə inklüziv mühəndislik yanaşmasını təşviq etmək, milli innovasiya potensialını nümayiş etdirmək və əlilliyi olan şəxslərin müstəqil həyat tərzini dəstəkləyən texnoloji həllər barədə məlumatlılığı artırmaqdır.
Layihə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilir və ölkədə inklüziv şəhər nəqliyyatı sisteminin inkişafına yönəlmiş mühüm təşəbbüslərdən biri hesab olunur. Yerli mühəndislər tərəfindən hazırlanan elektrik nəqliyyat vasitəsi ekoloji cəhətdən təmiz elektrik mühərriki ilə işləyir və müasir şəhər mobilliyi prinsiplərinə uyğun layihələndirilib.


Yeni nəqliyyat vasitəsi ekoloji təmiz və enerjiyə qənaət edən texnologiyası, şəhər mühitində təhlükəsiz və rahat hərəkət imkanları, əlil arabasından istifadə edən şəxslərin ehtiyaclarına uyğunlaşdırılmış konstruksiyası və yerli mühəndislik həlli ilə seçilir.
Qeyd olunub ki, layihənin növbəti mərhələsində elektrik nəqliyyat vasitəsinin texniki imkanlarının daha da təkmilləşdirilməsi, müxtəlif istifadəçi qrupları üçün yeni modellərin hazırlanması, istehsal potensialının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması planlaşdırılır.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir.



