“Dünən Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə – Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurdu. Bu da Ermənistandan Qarabağa hərbi sursatların, terroristlərin qeyri-qanuni daşınmasının qarşısının alınması deməkdir. Bu, beynəlxalq normativ hüquqlar çərçivəsində aparılan işdir. Azərbaycanın öz ərazisində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmağı dövlətimizin hüququdur və buna heç kim qarışa bilməz”.
Bu fikri Bugun.tv-yə özəl müsahibəsində politoloq Elşad Həsənov bildirib.
“Hələ fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşdən sonra Prezident İlham Əliyev jurnalistlərə müsahibəsində bildirdi ki, biz gələcəkdə nəzarət-buraxılış məntəqəsini açacağıq”, – Elşad Həsənov qeyd etdi.
“Mən həmişə Azərbaycan Prezidentinin verdiyi vədləri həyata keçirəcəyinə inanmışam. Çünki Cənab İlham Əliyev göstərdiyi hədəfə addım-addım çatır. Dövlət olaraq məqsədimiz Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin açılması idi və buna da nail olduq. Çünki Rusiya sülhməramlılarının köməyi ilə Ermənistandan Qarabağa Xankəndi-Turşsu-Xəlfəli torpaq yolu ilə hərbi sursatların daşınması müşahidə olunurdu. Artıq Azərbaycanın Müdafiə Nazirliyinin qüvvələrinin səyi nəticəsində bu cür hallar yaşanmayacaq. Çünki düşmənin bizim ərazimizə daxil olan bütün yolların hamısını demək olar ki, bağladıq”, – politoloq vurğuladı.
“Prezidentimizin də bildirdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan bayrağı altında qanunlarımızı qəbul etməlidirlər. Əks halda, çıxıb gedə bilərlər. Bundan sonra beynəlxalq hüquqlara uyğun olaraq, Ermənistana getmək istəyən və ya Qarabağa gələnlər sözügedən həmin nəzarət-buraxılış məntəqəsindən keçəcəklər. Buna mənfi münasibətini bildirmək istəyən Ermənistan xarici işlər nazirliyinə cavabımız odur ki, onların bizim daxili işlərimizə qarışmağa heç bir səlahiyyətləri yoxdur. Azərbaycan öz ərazisində nəzarət-buraxılış məntəqəsi açıb. Ermənistanın himayədarı Fransa da dövlətimizin bu addımı atmasına təəssüfləndiyini bildirib. Bunun tezliklə götürülməsini, ermənilərin maneəsiz yoxlanmadan keçib getməsinə şərait yaradılmasını istəyirlər. Bütün bunlar hamısı Azərbaycanın daxili işlərinə qarışmaqdır. Biz haqq yolundayıq və doğru əməllərimizdən əl çəkməyəcəyik. Azərbaycan öz ərazi bütövlüyünü və dövlətinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atacaq”,- Elşad Həsənov bildirdi.