16 C
Baku
28 Mart 2024, 15:10
Mədəniyyət

Evlənmirəm, vəssalam!

– Məni təbrik edə bilərsən. Subaylığın daşını atıb, axır ki, evlənirəm.

– Arvad kredit kimi bir şeydir, alanda sevinirsən, sonradan ömür boyu əziyyət çəkirsən. Sən də məni təbrik edə bilərsən, boşanıram.

– Doğurdan? Təbrik edirəm. Niyə?

– Soruşma, deyiləsi dərd deyil.

– Yenə də olsun, ucundan- qulağından danış görüm niyə boşandın?

– Qardaş, boşanmağımın qırx səbəbi var. Birinci səbəb odur ki, acıdil idi….

– Saxla, biri bəsdir, otuz doqquzunu sadalamaq lazım deyil. Arvad ki, acıdil oldu, apar qaytar.

– Mən də sən deyəni etdim, aparıb qaytardım.

– Mənim gələcək arvadım deyilənə görə, çox şirindildir, təmizkardır, dadlı xörəklər bişirir.

– Bəxtəvər başına, mənim əski arvadım pintinin biri idi. Xörək bişirə bilmirdi, günüm yeməkxanalarda keçirdi.

– Elə sir-sifətindən görünür.

– Aldığın qız kimdir, nəçidir?

– Qız deyəndə ki, cəmi bircə dəfə ərdə olub.

– Ərdə olmayan başına qəhət idi bəyəm?

– Əri ölüb, ərindən yaxşı var-dövlət qalıb.

– Var-dövlət qalıbsa, onda almaq olar. Uşaqdan- zaddan nəyi var?

– Uşağı yoxdur, bircə dənə iti var. Deyilənə görə çox bahalı itdir. Iti özündən çox istəyir.

– Mənim də keçmiş arvadımın bahalı iti var idi. Mənə gələndə itini özü ilə gətirmişdi. Toy gecəsi it səhərə kimi zingildədi, söhbət etməyə qoymadı. Sən işini bəri başdan möhkəm tut, denən gəlin gələndə iti özü ilə gətirməsin.

– Məsləhətinə görə çox sağ ol.

– Başqa nə məsləhət lazım olsa gəl yanıma.

– Çox sağ ol. Bəs indi sən ömrünün axırına kimi subay gəzəcəksən?

– Əlbəttə, bir qələtdir etdim evləndim. Yaşasın subayçılıq!

– Bəlkə mən də heç evlənməyim?

– Yox, sən mənə baxma, bəlkə sənin bəxtinə ağıllı bir xanım çıxıb?

– Ağıllı qadına oxşayır. Sən bir onun gözlərinə bax.

Şəkili göstərir.

– Bu ki mənim keçmiş arvadımdır!

– Ola bilməz, onun əri çoxdan ölüb.

– Mən ölmüşəm?

– Hə, yox. Yaxşı-yaxşı bax, doğurdan sənin arvadındır, bəlkə oxşarıdır? Nə oldu, sən niyə qaşınırsan?

– Məndə ona qarşı allergiya var, şəklini görən kimi başladım qaşınmağa.

– Özünü görəndə nə günə düşürsən?

– Özünü görəndə səpirəm.

– Ay yazıq.

– Yazıq mən deyiləm, yazıq sənsən, gör səni qarşıda nələr gözləyir. Bu şəkli sənə kim verib?

– Əmim qızı, heyif o brilyant üzükdən.

– Üzük də aparmısan?

– Yox e, mənə qız tapdığı üçün əmiqızıya şirinlik vermişəm.

– Zərərin yarısından qayıtmaq da xeyirdir. Boşa getsin.

– Almışam ki, boşayım?! Dayan. (Telefonla zəng edir) Əmiqızı, sənə verdiyim o brilyant üzüyü qaytar, mən daha evlənəsi olmadım. Necə yəni niyə? Arvadın əri dirilibdir. Yalandır? Kişi oturub mənimlə üzbəüz. Canım-gözüm, üzüyü qaytar, evlənmirəm, vəssalam!

Əhməd Orucoğlu

Bugün TV

Oxşar xəbərlər

Orxan Fikrətoğlu tutduğu vəzifədən istefa verdi

Nigar Məmmədova

“CinemaPlus”da eksklüziv olaraq “49” türk filmi nümayiş olunacaq

Nigar Məmmədova

“Zaman sığınacağı” romanı beynəlxalq mükafata layiq görüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu