Ekofəalların və QHT nümayəndələrinin Laçın Xankəndi yolunda başlatdıqları etiraz aksiyasının 96-cı günüdür. Əsas məqsəd, Azərbaycanın təbii sərvətlərinin Ermənistan və oradakı separatçı rejim tərəfindən talanmasının, ekologiyamıza vurulan böyük zərbələrin və eyni zamanda, Azərbaycan ərazisinin Laçın dəhlizindən separatçı rejimə mütəmadi olaraq göndərilən silah-sursat yardımının qarşısının alınmasıdır.
“Mən hesab edirəm ki, Azərbaycan gəncləri, ictimaiyyət nümayəndələri Laçın Xankəndi yolunda böyük bir fədakarlıq və qəhrəmanlıq nümayiş etdirirlər. Artıq bir neçə aydır ki, gecə-gündüz demədən bizim gənclərimiz, fəallarımız Azərbaycanın maraqları naminə 24 saat sivil etiraz aksiyalarını davam etdirirlər. Qarşı tərəf düşünürdü ki, bu aksiya bir neçə gün çəkəcək, soyuq havada şaxtada davam edə bilməyəcəklər. Ancaq Azərbaycan gəncləri bunu öz fədakarlıqları ilə sübut etdilər. Aksiyanın başladığı ilk gündən bəri qeyd etdik ki, bizim haqlı tələblərimiz yerinə yetirilənə kimi, bu aksiya davam edəcək”.
Bunu Bugun.tv-yə müsahibəsində İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, bu aksiya Qarabağdakı separatçı rejimin, qeyri-qanuni hərbi birləşmələrin yerləşdiyi ərazidə, Azərbaycan torpaqlarında törədilən cinayətlərə beynəlxalq birliyin diqqətini çəkə bildi. Artıq beynəlxalq birlik orada Azərbaycan gənclərinin böyük bir fədakarlıq mübarizəsi apardığının fərqindədir.
“Düşünürəm ki, bu mübarizənin ekoloji terrora, Azərbaycan sərvətlərinin talanmasına, eyni zamanda oradakı separatçı rejimə, silah yardımına qarşı olduğunu dünya mediası dərk etdi.
Bu askiya hələ də davam edir. Təəssüf ki, insanlar hələ də məqsədlərinə çatmayıb. Həmin yollardan olmasa da, digər yollardan qeyri-qanuni birləşmələrə, cinayətkar rejimə silah yardımları həyata keçirilir. Etiraz aksiyasının başlandığı gündən əlbəttə ki, bir sıra addımlar atılıb. Xüsusən də ora “böyük ümidlər”lə gələn, ermənilərə xoşbəxt gələcək vəd edən və aksiya yeni başlayanda bu aksiyanın tezliklə bitəcəyini və bunu blokada kimi təqdim edən milyonçu cinayətkar şəxs Ruben Vardanyan, artıq orada yoxdur. Kommunikasiya təmasları başlayıb, müəyyən görüşlər keçirilib. Təbii ki, bu Azərbaycanın tələblərinin hamısı deyil. Hesab edirəm ki, gənclərimiz bu aksiyanı bizim məqsədlərimizə tam nail olana kimi davam etdirəcək və onlara Azərbaycan ictimaiyyəti tərəfindən böyük dəstək var”,- birlik sədri qeyd edib.
Müəllif: Qaytən Qasımzadə