Bugun.tv xəbər verir ki, finlandiyalı jurnalist Kosti Heyskanen Finlandiyanın uzun illərdir Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşdığını iddia edib. O, bu barədə TASS agentliyinə açıqlamasında danışıb.
Heyskanen bildirib ki, ölkədə İkinci Dünya müharibəsindən sonra sığınacaq və bomba əleyhinə sığınacaqların tikintisi geniş vüsət alıb. Onun sözlərinə görə, hazırda Finlandiyada təxminən 4,8 milyon nəfərlik evakuasiya yeri, 50 mindən çox müxtəlif sığınacaq və bomba əleyhinə obyekt mövcuddur. Jurnalist qeyd edib ki, Helsinkidə qayaların altında yerləşən bu sığınacaqlarda hovuzlar, saunalar, lüteran kilsəsi, məscid və digər ictimai obyektlər fəaliyyət göstərir.
Fin jurnalist həmçinin iddia edib ki, ölkə rəhbərliyinin son dövrlərdəki bəyanatları Finlandiyanın mümkün hərbi ssenarilərə hazırlığını göstərir. Onun sözlərinə görə, bəzi yaşayış məntəqələrində sakinlərin iştirakı ilə təxliyə üzrə təlimlər keçirilib və müharibə şəraitini əks etdirən ssenarilər tətbiq olunub.
Qeyd edək ki, daha əvvəl The Times qəzeti Helsinki yaxınlığında minlərlə bomba sığınacağını əhatə edən yeraltı şəhərin mövcudluğu barədə yazmışdı. Həmin sığınacaqların fövqəladə hallar zamanı milyonlarla insanın mühafizəsi üçün nəzərdə tutulduğu bildirilirdi.
Mənbə: mail.ru

