ABŞ, güclü fırtına, elektrik kəsintisi, Virciniya, sahil daşqınları, aviareyslərin ləğvi, hava nəqliyyatı, fövqəladə vəziyyət
Hadisə

Fırtına 800 mindən çox abonenti işıqsız qoydu

ABŞ-da Şükranlıq Günü (Thanksgiving) zamanı ölkənin şərq sahillərini əhatə edən güclü fırtına elektrik enerjisinin verilməsində ciddi fasilələrə və hava nəqliyyatında problemlərə səbəb olub. Nəticədə yüz minlərlə insan elektriksiz qalıb, yüzlərlə aviareys ləğv edilib.

Bugun.tv xəbər verir ki, ABŞ üzrə 800 mindən çox elektrik abonentinin enerji təchizatı kəsilib. Ən çox zərər çəkən ştat Virciniya olub. Burada 150 mindən çox ev elektrik enerjisiz qalıb. Merilend və Pensilvaniya ştatlarında da çoxsaylı abonentlər işıqsız qalıb.

Fırtına su təchizatına da təsir göstərib. Merilend ştatında su təsərrüfatına cavabdeh qurum təxminən 1,9 milyon istehlakçıdan infrastruktur problemləri səbəbindən sudan istifadəyə qənaətlə yanaşmağı xahiş edib.

Hava nəqliyyatında da ciddi pozuntular qeydə alınıb. FlightAware platformasının məlumatına əsasən, həmin gün 400-dən çox aviareys ləğv edilib, 2 200-dən çox reys isə gecikib. ABŞ Federal Aviasiya Administrasiyası Vaşinqtondakı Ronald Reyqan Milli və Nyu-Yorkdakı LaGuardia hava limanları da daxil olmaqla bir sıra böyük hava limanlarında uçuşların müvəqqəti dayandırılması barədə qərarlar verib.

Güclü külək və sahil daşqınları təhlükəsi ilə əlaqədar Nyu-Cersi ştatında, Nyu-York şəhərində, Lonq-Aylenddə və Vestçester dairəsində fövqəladə vəziyyət elan edilib. Hakimiyyət orqanları xüsusilə sahil ərazilərində su basması riskinə qarşı xəbərdarlıq ediblər.

Anadolu Agentliyinin məlumatına görə, ABŞ-ın Sakit okean sahillərində də yüksək qabarma və sahil daşqınları nəqliyyata təsir göstərib. San-Dieqo ilə Los-Anceles arasında bəzi qatar reysləri ləğv edilib, Kaliforniya və Oreqon sahillərində təhlükə xəbərdarlıqları verilib.

ABŞ-ın Milli Hava Xidmətinin proqnozuna əsasən, ölkənin Atlantik okeanı sahillərinin orta hissəsində hava şəraitinin cümə günü tədricən yaxşılaşacağı gözlənilirdi. Bununla belə, bəzi ərazilərdə güclü küləyin davam edəcəyi bildirilirdi.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Şirniyyat fabrikində yanğın: 24 cəsəd torbası çıxarılıb, 50 işçinin yeri məlum deyil

Aynur Camal

Ziyarətçinin papağını udan məşhur begemot Fiona öldü

Aynur Camal

Səudiyyə Ərəbistanı husilərin raket hücumlarını dəf edib, Ər-Riyadda binaya ziyan dəyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu