Bugun.Tv xəbər verir ki, Yeni Zelandiyalı astrofotoqraf Brendan Larsenin gecə səmasını əks etdirən fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəkildə minlərlə peykin izləri bir-birinə qarışaraq qeyri-adi görüntü yaradıb. Bəzi istifadəçilər fotonun süni intellekt vasitəsilə hazırlandığını iddia etsələr də, müəllif çəkiliş prosesini sübut edən görüntüləri də paylaşıb.
“The Guardian”ın məlumatına görə, Larsen sentyabr ayında Yeni Zelandiyanın Şimal adasında yerləşən Taranaki dağı üzərində iki saat ərzində 578 foto çəkib. Hər görüntü səkkiz saniyəlik ekspozisiya ilə qeydə alınıb.
Fotoqraf daha sonra təxminən 40 saat ərzində şəkilləri Photoshop proqramında birləşdirib. Nəticədə görüntüdə təxminən 1400 peykin və 14 minədək peyk izinin olduğu bildirilir.
Foto sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. Larsen bildirib ki, insanlar süni intellektlə yaradılmış görüntüləri həqiqi fotolardan ayırmaqda getdikcə daha çox çətinlik çəkirlər.
O, əsərinin həm də kosmosda peyklərin sayının artması və gecə səmasının dəyişməsi barədə müzakirələrə səbəb olmasını istəyir.
Mənbə: The Guardian
