Bugun.tv xəbər verir ki, Avropada iyunun son günlərində müşahidə olunan rekord istilər nəticəsində Fransa, Belçika və Niderlandda ümumilikdə azı 3700 əlavə ölüm qeydə alınıb.
Reuters-in yaydığı məlumata görə, söhbət iyunun 20–28-də davam edən isti hava dalğası dövründə gözlənilən statistik göstəricidən artıq qeydə alınan ölüm hallarından gedir. Mütəxəssislər bildirirlər ki, bu göstəricilər hələ ilkin hesablamalardır və yekun rəqəmlərin daha da artacağı istisna edilmir.
Fransanın səhiyyə naziri Stefani Ristin sözlərinə görə, ölkədə istilər səbəbindən 2025 əlavə ölüm qeydə alınıb. Ən çox ölüm halları 45 yaşdan yuxarı insanlar arasında müşahidə olunub. İyunun 22–28-i arasında evlərdə baş verən ölümlərin sayı əvvəlki həftə ilə müqayisədə 91 faiz, qocalar evlərində və səhiyyə müəssisələrində isə nəzərəçarpacaq dərəcədə artıb.
Belçika Səhiyyə Nazirliyi iyunun 18–29-u tarixləri arasında təxminən 1200 əlavə ölüm qeydə alındığını açıqlayıb. Onlardan 530-u 85 yaşdan yuxarı şəxslərin payına düşür. Nazirlik bu göstəricini ölkədə yay istiləri zamanı qeydə alınmış ən yüksək əlavə ölüm səviyyəsi kimi qiymətləndirib.
Niderland hakimiyyəti isə isti hava dalğası nəticəsində əsasən 80 yaşdan yuxarı insanlar arasında 480 əlavə ölüm qeydə alındığını bildirib.
Alimlər bildirirlər ki, Avropada iyunun 20–28-i tarixlərində müşahidə olunan bu isti hava dalğası qitə tarixinin ən ağır hadisələrindən biri olub. Onların qənaətinə görə, ekstremal temperaturun yaranmasında iqlim dəyişikliyi əsas rol oynayıb.
Mənbə: Reuters

