NATO 5G, 6G və peyk rabitəsi kimi yeni nəsil texnologiyaların hərbi əməliyyatlarda tətbiqini sürətləndirmək məqsədilə ilk strategiyasını dərc edib. Sənəd Alyansa üzv ölkələrin rabitə sistemlərinin təhlükəsizliyini və qarşılıqlı uyğunluğunu təmin etməyi hədəfləyir.
Bugun.tv xəbər verir ki, Türkiyənin TRT Haber nəşrinin Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, “Yeni Nəsil Rabitə Şəbəkələri Strategiyası” NATO üzvü ölkələrin müdafiə nazirləri tərəfindən iyun ayında təsdiqlənib.
Strategiya 5G, 6G və peyk rabitəsi texnologiyalarının sınaqdan keçirilməsini, istifadəyə verilməsini və hərbi əməliyyatlara inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Sənəddə müdafiə sənayesi ilə əməkdaşlığın genişləndirilməsi də əsas istiqamətlərdən biri kimi göstərilir.
Yeni rabitə şəbəkələri pilotsuz aparatlarla mübarizədə istifadə olunacaq
NATO-nun yanaşmasına görə, yeni nəsil rabitə şəbəkələri pilotsuz uçuş aparatlarını aşkar edən sensorlardan əldə olunan məlumatların həmin aparatlara qarşı mübarizə aparan sistemlərə ötürülməsinə imkan verəcək.
Bu texnologiyalar həmçinin komandirlərə döyüş meydanından daxil olan məlumatları süni intellektin köməyi ilə daha sürətli təhlil etmək imkanı yaradacaq.
Kibertəhlükəsizlik əsas prioritetlərdəndir
Strategiyada müxtəlif rabitə sistemlərinin bir-biri ilə uyğun işləməsi, eləcə də kiber və hibrid təhdidlərə qarşı dayanıqlılığın artırılması nəzərdə tutulur. NATO etibarlı olmayan təchizatçıların rabitə şəbəkələrinin təhlükəsizliyi üçün risk yarada biləcəyinə də diqqət çəkib.
Finlandiya və İsveçin birgə həyata keçirdiyi NATO təşəbbüsü çərçivəsində şirkətlərə bu texnologiyaları real əməliyyat şəraitinə yaxın mühitdə sınaqdan keçirmək imkanı yaradılır. Strategiyanın icrası üzrə fəaliyyət planı da hazırlanır.
Mənbə: TrtHaber
