“Dünən Avropa Parlamentinin plenar iclasında keçirilən müzakirələrdə anti-Azərbaycan meylləri ilə bilinən, Ermənistan və onun havadarlarının mənafeyindən çıxış edən parlamentarilər tərəfindən COP29-un Azərbaycanda keçirilməsinin boykot edilməsi ilə bağlı ittihamlar səsləndirilib. Avropa İttifaqının Əmək və Sosial hüquqlar üzrə komissarı Nikolas Şmit çıxışında məsələnin mahiyyətindən və öz mandatından kənara çıxaraq, COP29-un Azərbaycanda keçirilməsini bir fürsət adlandıraraq, bundan insan hüquqları ilə bağlı müzakirələrin gündəliyə gətirilməsi üçün istifadəsini qeyd edib. İnsan hüquqlarından danışan Şmit dünyanın izlədiyi beynəlxalq “Paris-2024” Olimpiadasına Fransada yaşayan etnik azlıqları təmsil edən, müsəlman idmançı qadınların iştirakına qadağa qoyulması ilə onların fundamental insan hüquqlarının pozulması məsələsini həmin dövrdə işıqlandırmadı. İyirmi birinci əsrdə Avropada öz xarici görünüşünə, geyiminə görə damğalanan, yarışda iştirakdan məhrum edilən qadınların hüquqları, gender-əsaslı ayrı-seçkiliyin təzahürü müzakirə edilməli idi. Niyə Avropa İttifaqı cinsi azlıqları müdafiə etdiyi kimi etnik azlıqların hüquqlarını müdafiə etmir? Axı Avropa insan hüquqları məktəbi olaraq hüquq bərabərliyini və xalqların həmrəyliyini dünyaya “təbliğ” etməyə çalışır”.
Bugun.tv bildirir ki, bunu açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Bu gün Avropada İslam dininə qarşı təhqirlərin və etirazların adi hal aldığını deyən deputat əlavə edib ki, başqa dinlərə nifrət zəminində törədilən cinayətlər, müsəlman əhaliyə, qaradərili fransızlara, digər etnik və dini qruplara, xüsusən də müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, məscidlərə giriş qadağan edilir. İmamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, müsəlmanların müqəddəs saydıqları inanclar təhqir olunur.
“Tarixin ən böyük müstəmləkə ölkəsi kimi Fransa XIX əsrdə Yeni Kaledoniya da daxil olmaqla 13 xarici ərazini (France d’outre-mer) müstəmləkə etdi. 1960-cı illərdə müstəmləkəçilik sona çatsa da, bu bölgələrdə Fransa öz nüfuzunu hər vasitə ilə qoruyub saxladı. Fransa hökuməti hazırda öz maraqları naminə neokolonializm siyasətini həyata keçirir, dənizaşırı ərazilərdə yerli xalqların assimilyasiyası və qeyri-qanuni miqrantların həmin ərazilərə köçürülməsi siyasəti aparır. Müstəqillik uğrunda keçirilən dinc aksiyalarda 400-dən çox insan yaralanıb, 2 nəfər öldürülüb, 11 nəfər həbs edilib. Afrikanın dekolonizasiyasından illər keçməsinə baxmayaraq Fransa regiondan çıxmır, öz “kirli” işlərini buranın təbiətini məhv etməklə həyata keçirir. Uqanda və Tanzaniyadan keçən Parisə neft daşıyan borular ətraf əraziləri məhv edir, heyvanlar zəhərlənir, insanların evi çirkab suları altında qalır, torpaq örtüyü, su hövzələri, bir sözlə, təbiət məhv olunur. Bu məsələ ilə bağlı bir ildən artıqdır ki, uqandalı fəalların, habelə bütün dünyadan fəalların aksiyalar keçirməsinə, hətta “Greenpeace” kimi radikal təşkilatın onlara dəstək olmasına, bir milyona yaxın insanın petisiya imzalamasına baxmayaraq, Fransa bu razılaşmadan və nefti öz ölkəsinə daşımaqdan əl çəkmir”, – deyə P.Vəliyeva qeyd edib.
Milli Məclisin deputatı deyib ki, öz ölkəsi daxilində neft hasilatı ilə sosial-iqtisadi inkişafa, əhalisinin rifah halının yaxşılaşdırılmasına nail olan Azərbaycanı ətraf mühit məsələləri ilə bağlı ittiham edən Avropa dövlətləri Afrika ölkələrinin və təbii sərvətləri olan digər ölkələrin ətraf mühitini viran qoyaraq, əhalisinin, canlılar aləminin məhvinə gətirib çıxaran neft hasilatlarını dayandırsalar iqlim dəyişmələri ilə mübarizəyə daha yaxşı töhfə verə bilərlər. Öz radikal baxışları ilə seçilən ictimai vəkil, Niger rəhbərinin müşaviri, diplomatik şəxs Kemi Seba Paris hava limanında saxlanılaraq həbs edilib və günlərlə qeyri-insani rəftara və işgəncəyə məruz qalıb. Kemi Seba Afrikanın səsi olaraq müstəmləkəçiliklə mübarizə aparır. Məhz öz siyasi baxışlarına görə bir fəalı həbs etmək Fransanın söz azadlığını boğmasını açıqca ifşa edən növbəti addımlarından biri idi.
P.Vəliyevanın sözlərinə görə, bu gün Avropa İttifaqı ölkələrində insan hüquqlarından geniş şəkildə danışılmalıdır. Hüquqları pozulduğu üçün etiraz səsini ucalda bilməyən, öz dili, dini, mədəniyyəti, milli mənsubiyyəti ilə bağlı diskriminasiyaya məruz qalan, susdurulan etnik azlıqların hüquq və azadlıqlarının pozulması halları Avropa Parlamentində işıqlandırılmalı, müzakirəyə qoyulub qətnamələr qəbul ediləcək mövzulardır. Avropa İttifaqı insan hüquqları komissarı bunlar barədə danışmalı və bu kimi mövzuları müzakirə obyektinə çevirməlidir.