Bugun.tv xəbər verir ki, Fransa hökuməti 2027-ci il büdcəsində 54 milyard avro qənaət etməyi planlaşdırır.
Reuters-in məlumatına görə, Baş nazir Sebastyan Lekornu dövlət xərclərinin azaldılmasının ölkənin artan büdcə kəsirinə nəzarət etmək üçün zəruri olduğunu bildirib. Hökumət 2027-ci il üçün büdcə kəsirini ümumi daxili məhsulun 5 faizi səviyyəsində saxlamağı hədəfləyir. Heç bir qənaət tədbiri görülməsə, kəsirin 6,5 faizi keçə biləcəyi hesablanır.
Plan çərçivəsində sosial və yerli idarəetmə xərclərinin azaldılması nəzərdə tutulur. Lekornu hökumətin vergi artımına getməyəcəyini bildirib.
Fransada bahalaşan enerji qiymətləri də büdcə müzakirələrinə təsir göstərir. Sentyabrın 17-də ölkənin cənubundakı balıqçılar yüksək yanacaq qiymətlərinə etiraz olaraq bəzi limanların girişini bağlayıblar. Bundan əvvəl müxtəlif sahələrdə çalışan işçilər də etiraz aksiyaları keçiriblər.
Fransa hökumətinin 2027-ci il büdcəsini sentyabrın sonunda parlamentə təqdim etməsi gözlənilir.
Mənbə: WorldNews
