Bugun.tv xəbər verir ki, İspaniyanın Kanar adaları tərkibində yerləşən El Hierro adası Avropanın ən az tanınan və ən yaxşı qorunan turizm məkanlarından biri hesab olunur.
Məlumata görə, məşhur turizm istiqamətləri olan Tenerife, Gran Canaria və Lanzarote milyonlarla turist qəbul etdiyi halda, El Hierroya 2024-cü ildə cəmi 4 100 xarici turist səfər edib.
Adada beynəlxalq kurort hotelləri və birbaşa beynəlxalq uçuşlar yoxdur. Buraya əsasən bərə və ya digər Kanar adalarından kiçik təyyarələrlə çatmaq mümkündür.
Təxminən 12 min nəfərin yaşadığı El Hierro 500-dən çox vulkan krateri, qədim meşələri, təbii hovuzları və unikal mikroiqlimi ilə seçilir. Ada həmçinin qədim fit dili olan “Silbo Herreño”nun qorunub saxlanıldığı nadir yerlərdən biridir.
El Hierro ekoloji layihələri ilə də diqqət çəkir. Burada fəaliyyət göstərən Gorona del Viento hidro-külək enerji sistemi sayəsində adanın elektrik enerjisinin böyük hissəsi bərpa olunan mənbələrdən əldə edilir. Yerli hakimiyyət orqanları yaxın aylarda ekoturizmin inkişafı məqsədilə yeni muzeylər və təbiət yönümlü turizm proqramları istifadəyə verməyi planlaşdırır.
Mənbə: CNN
