19 C
Baku
22 Noyabr 2024, 15:33
Baş xəbərDünya

Gözün aydın olsun şəhid qardaşım!

Dünyaya göz açdığımız zaman ilk gördüyümüz, havasını udub suyunu içdiyimiz, ömrümüzdə ilk dəfə ayağımızı basdığımız torpaq – Ana vətəndir!

Sonralar min ölkəyə gedə bilər, min ölkənin suyunu içib havasını uda bilər, neçə – neçə torpağın müvəqqəti sakini ola bilərik. Lakin bu torpağın, bu ölkənin heç biri bizə doğma torpağımızı əvəz edib Ana vətən ola bilməz. Əslində torpaq kimyəvi tərkibinə görə hər yerdə torpaqdır. Bəs onu bizə vətən edən nədir?

Bu mənada vətən  çox geniş məfhumdur.  Vətən yalnız torpaq deyil.  Vətən hər şeydən əvvəl mənəvi keyfiyyətləri ilə bu torpağın üstündə yaşayan xalqın dili, tarixi, mədəniyyəti,  adət-ənənəsi, bir sözlə ruhu və psixologiyası ilə vətəndir. Vətənə bu mənəvi keyfiyyətləri ilə bağlanmış adam vətən uğrunda hər fədakarlığa, hətta ölümə gedə bilər.  Təsadüfi deyil ki, böyük türk şairi C.Küntay “Torpaq – əgər uğrunda ölən varsa, vətəndir” demişdir. Torpaq uğrunda ölən yoxsa, o torpaq vətən ola bilməz. Demək, bu torpaq şəhidlərimiz üçün vətəndir.

Vətənin və xalqın mənəvi dünyasına – dilinə, musiqisinə, ruhuna uşaqlıqda yiyələnirik. “Bir insan kimi, vətəndaş kimi hər kəs uşaqlıqda formalaşır” sözünü elə belə demirlər. Vətən – Ana südü ilə eşitdiyimiz laylalar, mahnılar, bayatılar və nağıllarla bizim ruhumuza süzülüb orada məskunlaşır.

44 günlük müharibədə -milli varlığımız, şərəf, namus və qeyrətimiz Vətəndir deyərək igid oğullarımız vətənin müdafiəsinə qalxdı. Azərbaycan xalqı həmişə düşmənə layiqli cavab verməyi bacarıb. Bütün dövrlərdə xalqın dar günündə onu qoruyan qəhrəman oğulları meydana atılıb. Babək, Cavanşir,  Şah İsmayıl Xətai və sairə. Bu gün də vətənin dar günündə – Mübarizlər, Poladlar, Mehdilər, Şovqiyarlar vətənin harayına səs verdilər.  Onların qəhrəmanlığı bu gün həyata atılan, orduda xidmət edən, hərbi xidmətə hazırlaşan gənclər üçün əsl örnəkdir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycan oğullarının həyatı, şücaəti bütün xalqımız üçün, xüsusilə gənclərimiz üçün bir nümunədir.

“Vətən səngərdən başlayır” deyirdi əsgər Ülvi Ağalarov və vətənin bütövlüyü,  azadlığı uğrunda da şəhidlik zirvəsinə ucaldı.

Orada silahlar uğuldayanda,

Burda anaların ürəyi əsdi.

Sizin sinənizə tuşlanan güllə,

Burda insanların ümidin kəsdi.

Həmin günlərdə xalqımız ona hava və su kimi lazım olan birliyini nümayiş etdirdi. O, ağır günlərdə xalqımızla həmrəy olan ölkələr, eyni zamanda Azərbaycanda yaşayan gürcü, talış, rus, udin, yəhudi, ləzgi və sairə xalqın nümayəndələri də əsl vətənpərvərlik nümunəsi göstərdilər.

Bu bir tale idi alın yazısı

Ölümlə ölməzlik qazandınız siz

Dünyada ən uca zirvə sayılan 

Şəhid zirvəsinə ucaldınız siz!

Xalq sözü -haqq sözü. Bu xalq haqlı olaraq öz haqqını tələb edirdi. Bu savaş təkcə tarix qarşısında övladlıq borcunu yerinə yetirmək deyil, həm də bu günkü və gələcək nəsillərə örnək olmaq, necə və hansı ideal naminə yaşamaq, xalqın tarix boyu yaratdığı mənəvi ruhunu təlqin etmək demək idi.

Tarix bəzən xalqın qarşısına böyük problemlər qoyur, onu imtahana çəkir. Onun bir xalq kimi yaşamağa qadir olub- olmadığını sınaqdan çıxarır. Xalq və tarix qarşısındakı məsuliyyət bütün ağırlığı ilə ölkə prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyevin, şəhidlərimizin və qazilərimizin çiyinlərinə düşdü. Biz bir xalq olaraq bu ağır sınaqdan üzüağ çıxdıq. Ulu öndərin məqsədyönlu siyasətini bu gün çox uğurla davam etdirən  İlham Əliyev hər zaman xalqın dayağıdır.

Bu gözəl gunləri bizə yaşadan şəhidlərimizin ruhlari qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik :

Gözün aydın olsun şəhid qardaşım

Vətən zəfər çaldı, Şuşa alındı.

Görə bilməsəz də bu gözəl günü,

Mənfur düşmənlərdən qisas alındı.

Hansı xalqda, hansı millətdə vətəndaşlıq hissi inkişaf etmişsə, bu həmin xalqın ümumi mənəvi tərəqqisinin göstəricisidir. Vətəndaşlıq hissi, vətənpərvərlik hissi ilə üzvi surətdə bağlıdır.

“Vətəndaşlıq borcu”, “ vətəndaşlıq fədakarlığı”, “ vətəndaşlıq cəsarəti” kimi anlayışlar  məhz vətənpərvərlik hissi ilə əlaqədar olaraq meydana gəlmişdir.

Bilirik ki, vətəndaşlıq borcunun mühüm tələblərindən biri vətənin azadlığı uğrunda mübarizə aparmaqdır. Şəhidlərimiz bu borcu layiqincə yerinə yetirdilər. Xalq şairi M. Araz deyirdi ki, “ Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim.”

Bugün Azərbaycan adlı bir odlar yurdu – Vətən, şəhidlərimizə oğul deyib, onları bağrına basıb.

“Nur içərisində yatın” xalqımıza başucalığı gətirən, heçvaxt unudulmayan şəhidlərimiz!

Müəllif: Sədaqət Əsgərova- Filoloq, Azərbaycan Dövlət Pedaqoji Universtetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Ana dili-Ədəbiyyat müəllimi.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı həbslər davam edir

Nigar Məmmədova

Rusiya Ukrayna ordusundan ələ keçirilən Qərb texnikasını nümayiş etdirir

İntizar Əmirova

Fransa prezidenti Ukraynadakı münaqişənin yorğunluğunun təsirini qiymətləndirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu