Avstraliya daşqınları, Kvinslend güclü yağışlar, daşqında ölən şəxs, Avstraliyada sel, Leyberndə xilasetmə, təbii fəlakət, leysan yağışları, The Guardian
DünyaHadisə

Güclü yağışlar daşqınlara səbəb oldu: Bir nəfər ölgü, altı nəfər xilas edildi

Bugun.tv xəbər verir ki, Avstraliyanın Kvinslend ştatında bir neçə gün davam edən güclü yağışlar çayların daşmasına, yolların su altında qalmasına və fövqəladə vəziyyətlərin yaranmasına səbəb olub. Daşqın sularında bir kişinin meyiti aşkarlanıb, suyun əhatəsində qalan altı düşərgəçi isə xilasedicilər tərəfindən xilas edilib.

The Guardian qəzetinin oktyabrın 26-da yaydığı məlumata görə, bazar ertəsi yerli vaxtla saat 11:00-dan bir qədər sonra Kvinslendin Freyzer sahilində yerləşən Bumpa ərazisindəki Smothering çayından kişinin huşsuz vəziyyətdə olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis onun öldüyünü təsdiqləyib. Ölümün səbəbləri araşdırılır və hadisə ilə bağlı koronerə hesabat təqdim olunacaq.

Ştatın cənubundakı Leybern bölgəsində isə suyun səviyyəsinin qalxması nəticəsində düşərgədə qalan altı nəfər köməksiz vəziyyətdə qalıb. Xilasedicilər üç kişi və üç qadını təhlükəsiz şəkildə təxliyə ediblər. Onların fiziki xəsarət almadığı bildirilib.

Bəzi ərazilərə yüzlərlə millimetr yağış yağıb

Cümə axşamından bazar ertəsinədək davam edən leysan yağışları Kvinslendin cənub və şərq hissələrində çoxsaylı çayların daşmasına və avtomobil yollarının bağlanmasına səbəb olub. Bəzi ərazilərdə qəfil daşqınlar qeydə alınıb.

Bazar ertəsi səhərinə olan məlumata görə, Rokhempton yaxınlığındakı Blekdaun yaylasında dörd gün ərzində 439,4 millimetr, Qold-Kost yaxınlığındakı Aşağı Sprinqbrukda 325,2 millimetr, Namburda isə 314,2 millimetr yağıntı qeydə alınıb.

Meteoroloqlar bəzi bölgələrdə yağış və daşqın təhlükəsinin davam etdiyini bildiriblər. Uorill çayı, Bremer çayı, Makintayr və Munii çayları, eləcə də Meri çayı daxil olmaqla bir sıra su hövzələri üzrə xəbərdarlıqlar qüvvədə qalıb.

Mütəxəssislər sakinlərə hava şəraiti ilə bağlı xəbərdarlıqları izləməyi, su basmış yollardan keçməməyi və təhlükəli ərazilərdə ehtiyatlı davranmağı tövsiyə edirlər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Avropada saatlar qış vaxtına keçirildi: Növbəti dəyişiklik hansı ölkələrdə olacaq?

Aynur Camal

Lula dördüncü dəfə prezident seçildi, rəqibi nəticələrin ləğvini tələb edir

Aynur Camal

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmiləri İranda görüşəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu