Dünya

Güclü zəlzələ: Ölənlərin sayı 37-yə çatdı

Bugun.tv xəbər verir ki, Filippinin cənubundakı Mindanao bölgəsində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 37 nəfərə yüksəlib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Sarangani əyalətinin Soccsksargen bölgəsində yerləşən Kablalan rayonundan 26 kilometr cənub-qərbdə qeydə alınan zəlzələ nəticəsində 456 nəfər yaralanıb, 4 nəfərin isə itkin düşdüyü bildirilir. Təbii fəlakətdən ümumilikdə 77 mindən çox insan zərər çəkib.

Rəsmilər ölənlərin əksəriyyətinin dağılan binaların qalıqları altında qalması və ya üzərlərinə tikinti parçalarının düşməsi nəticəsində həyatını itirdiyini açıqlayıblar.

Zəlzələ nəticəsində yollar, körpülər və digər infrastruktur obyektləri ciddi zərər görüb. İlkin qiymətləndirmələrə əsasən, 1889 yaşayış evi zədələnib, onlardan təxminən 1500-ü tamamilə dağılıb.

Axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri davam edir. Hakimiyyət nümayəndələri bildiriblər ki, dağıntıların miqyası böyük olduğundan bölgənin tam bərpasının nə qədər vaxt aparacağı hələ məlum deyil.

Elektrik xətlərində yaranan problemlər səbəbindən xəstəxanalara əlavə generator və yanacaq göndərilib. General Santos Beynəlxalq Hava Limanı da zərər gördüyü üçün bəzi reyslər ləğv olunub və ya alternativ hava limanlarına yönləndirilib.

Artçı təkanların davam etməsi səbəbindən minlərlə insan evlərinə qayıda bilmir. Yerli hakimiyyət zərərçəkənlər üçün çadır şəhərciklərinin yaradılması imkanlarını nəzərdən keçirir.

Zəlzələdən sonra yaranan sunami dalğaları Yaponiyanın bəzi sahillərinə də çatıb. Yaponiya Meteorologiya Agentliyi ölkənin Sakit okean sahilləri boyunca sunami xəbərdarlığı yayıb. Oqasavara adalarının Çiçicima bölgəsində hündürlüyü 20 santimetrə çatan dalğalar qeydə alınıb.

Qeyd edək ki, Filippin “Sakit Okean Alov Halqası” adlanan aktiv seysmik zonada yerləşdiyi üçün burada güclü zəlzələlər tez-tez baş verir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu