Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri iyulun 30-da Xaçmazda Regional Miqrasiya İdarəsinin işi ilə tanış olmaq üçün bölgəyə səfər edib. JSİD – Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin sədri Günel Gözəlova da şura üzvü olaraq nümayəndə heyətinin tərkibində olub.
Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarını əhatə edən idarə 2010-cu ildən miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində aktiv fəaliyyət göstərir. İdarə, struktur heyəti və iş prinsipləri ilə tanışlıq zamanı Xaçmaz Regional Miqrasiya İdarəsinin rəisi Hidayət Rüstəmov region üzrə 548 min nəfər əhalisi olan ərazidə miqrantların problemlərinin həlli istiqamətində gündə təxminən 350-dək sənədin qəbul olunduğunu və aidiyyəti üzrə inzibati prosesin icra edildiyini deyib. Hidayət Rüstəmov bildirib ki, icraatlar xüsusən olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşama, vətəndaşlığın bərpası, vətəndaşlığa qəbulla bağlı olur. Əmək fəaliyyəti ilə qanunsuz məşğul olanlar və qanunla müəyyən edilmiş vaxtdan artıq ölkəmizdə qalan əcnəbilərsə aşkar olunaraq onlar barəsində müvafiq inzibati tədbirlər görülür.
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin Sədri Günel Gözəlova Bugun.tv-yə bildirib ki, ikimərtəbəli binadan ibarət idarədə miqrantların bütün müraciətləri, hətta müvəqqəti istirahətləri üçün yaradılan şərait onun diqqətini çəkib. Daha sonra İdarə rəisinin də iştirakı ilə Quba rayon Asan Xidmət Mərkəzinə yollanıblar. Günün 1-ci yarısında adıçəkilən mərkəzdəki Miqrasiya Söbəsində artıq 87-ci vətəndaşın xidmət gördüyünün şahidi olduğunu deyən QHT Sədri, vətəndaşlardan yerindəcə xidmətdən məmnun qalıb-qalmadıqlarını soruşduğunu və cavabın ürəkaçan olduğunu söyləyib.