Fransanın paytaxtı Parisdə Hürmüz Boğazında gəmi hərəkətinin təhlükəsizliyi və azadlığının bərpasına həsr olunmuş beynəlxalq konfrans 17 aprel tarixində keçiriləcək.
Yelisey Sarayının yaydığı məlumata görə, tədbir ABŞ-İsrail-İran gərginliyi fonunda yaranan enerji və təhlükəsizlik problemlərinin müzakirəsinə yönələcək.
Konfransa Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer həmsədrlik edəcək. Tədbirdə münaqişə tərəflərindən kənarda qalan ölkələrin də iştirakı gözlənilir.
Bildirilir ki, Hürmüz Boğazı dünya enerji daşımalarında, xüsusilə neft və mayeləşdirilmiş təbii qaz (LNG) nəqliyyatında strateji əhəmiyyət daşıyır. Son dövrlərdə bölgədə artan gərginlik dəniz daşımalarında riskləri artırıb və enerji bazarına təsir göstərib.
Konfransda həmçinin beynəlxalq dəniz təhlükəsizliyi və enerji tədarük zəncirinin qorunması üçün yeni mexanizmlərin müzakirə olunacağı gözlənilir.
Mənbə: Anadolu Agentliyi
