Piylənmə zamanı hətta ciddi pəhrizlər də əksər hallarda davamlı nəticə vermir. Bu barədə Rusiyanın “İzvestiya” nəşrinə bariatrik cərrah, SM-Klinikanın mütəxəssisi Pavel Biryukov açıqlama verib.
Həkimin sözlərinə görə, qidalanma rejimi dəyişdirildikdə piylənmədən əziyyət çəkən şəxslərdə çəki azalmağa başlaya bilər. Lakin bu nəticə çox vaxt müvəqqəti olur.
Mütəxəssis bildirib ki, orqanizm kəskin arıqlamanı sağ qalma üçün təhlükə kimi qəbul edir. Nəticədə müdafiə mexanizmləri işə düşür: maddələr mübadiləsi zəifləyir, aclıq hissi güclənir, hormonal balans dəyişir. Orqanizm enerjiyə qənaət etməyə və çəkinin azalmasına qarşı müqavimət göstərməyə başlayır.
Onun sözlərinə görə, piylənmə adətən bir neçə amilin birləşməsi nəticəsində yaranır. Bunlara həddindən artıq qidalanma, genetik meyillilik, hormonal pozuntular, azhərəkətli həyat tərzi, xroniki stress və bəzi dərman preparatlarının qəbulu daxildir.
Bu səbəbdən problemin müalicəsində qida davranışının mütəxəssis nəzarəti ilə dəyişdirilməsi vacib sayılır. Bu yanaşma uzunmüddətli nəticənin qorunmasına kömək edə bilər.
Cərrah əlavə edib ki, piylənmə 2-ci tip şəkərli diabetlə də əlaqəli ola bilər. Bu zaman hüceyrələr qlükozanın mənimsənilməsinə cavabdeh olan insulin hormonuna düzgün reaksiya vermir.
Nəticədə mədəaltı vəzi daha çox insulin ifraz edir. Müəyyən müddət orqanizm bu vəziyyətə uyğunlaşsa da, zamanla qanda qlükozanın səviyyəsi artır və diabet inkişaf edir.
Ekspert vurğulayıb ki, uzunmüddətli pozuntular bir çox orqanlara mənfi təsir göstərir. Buna görə də belə xəstələr üçün çəkinin azaldılması və həyat tərzinin dəyişdirilməsi ağırlaşmaların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Mənbə: mail.ru
