Sosial

Heydər Əliyev Fondu – 20 il!

Heydər Əliyev Fondu görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin zəngin irsinin, milli dövlətçilik ideyalarının təşviqi, gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrinin təbliği, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaradılıb. Fondun çoxşaxəli fəaliyyətini ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə dərin ehtiramın ifadəsi kimi bir neçə mühüm aspektdən qiymətləndirmək mümkündür”.

Bugun.tv xəbər verir ki, bu fikirləri deputat Soltan Məmmədov Milli Məclisin plenar iclasında bildirib.

“2005-ci ildə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa edilib və yenidən qurulub. Sonradan proqram dövlət tərəfindən dəstəklənərək 3 mindən çox məktəb təmir olunub və ya yenidən qurulub.

Təhsilin keyfiyyətin artırılmasına xidmət edən “Təhsilə dəstək” layihəsi artıq illərdir ki, uğurla davam edir.

Fondun həyata keçirdiyi proqramlar çərçivəsində uşaq bağçaları üçün yeni binalar tikilib, 40-dək uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.

Fondun səhiyyə sahəsində proqram və layihələri sayəsində Bakıda Psixonevroloji Uşaq Mərkəzi, Talassemiya Mərkəzi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzi, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi, Autizm Spektr Pozuntulu Uşaqlar üçün Bərpa Mərkəzi və bir sıra digər tibb müəssisələri inşa olunub.

2004-cü ildən başlayaraq “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində 14 yaşınadək pasiyentlər hər il dərman preparatı ilə təmin edilib.

2015 və 2020-ci illərdə həyata keçirilmiş “Koxlear implantasiya” proqramından 200-dən çox şəxs faydalanıb. Görməməhdudiyyətli uşaqlar üçün respublika internat məktəbində müvafiq mərkəz istifadəyə verilib, Naxçıvan, Gəncə və Yevlaxda regional informasiya mərkəzləri yaradılıb.

Heydər Əliyev Fondu pandemiya ilə mübarizəyə də önəmli töhfələr verib. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq 2020-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, müxtəlif ölkələrdən gətirilən tibbi ləvazimatlar müvafiq tibb müəssisələrinə təqdim olunub.Fond təhsildə fərqlənən, valideyn himayəsindən məhrum uşaqları, şəhid ailələrini, müharibə veteranlarını və müharibə əlillərini hər zaman diqqət mərkəzində saxlamağa çalışır.Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərdən ibarət bir qrup hərbçi yüksək texnologiyalı protezlərlə təmin olunub.

Uşaq və yeniyetmələrdə idmana marağın artırılması məqsədilə bir çox təhsil müəssisələrində idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələr yaradılıb. Olimpiya və Paralimpiya oyunlarında medal qazanmış idmançılar Heydər Əliyev Fondunun təqaüdlərinə və diplomlarına layiq görülüblər.

2016-cı ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu”nda minlərlə insan iştirak edir.

Heydər Əliyev Fondu ekoloji tarazlığın qorunması, nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin mühafizəsi, əhali arasında ekoloji təbliğatın gücləndirilməsinə də xüsusi diqqət yetirir.

Heydər Əliyev Fondunun fəaliyyətinin ikinci mühüm aspekti mədəni irsimizin qorunması, tanıdılması və multikutural dəyərlərimizin təbliğini əhatə edir. Ötən müddətdə Fondun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət obyektləri inşa olunub. Dünyanın bir sıra ölkələrində Azərbaycan Mədəniyyət Mərkəzləri yaradılıb. Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər beynəlxalq festivallar mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir. Heydər Əliyev Fondunun təşkil etdiyi ədəbiyyat və incəsənət festivalları artıq ölkə hüdudlarını aşaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Buna misal olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı, Beynəlxalq Kulinariya Festivalını qeyd etmək olar.

Müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun dərinləşməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsini həyata keçirir. Fond Almaniyada Berlin qəsrinin, Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun, Vatikanda katakombaların, Romanın Kapitolini muzeyi və digər tarixi abidələrin bərpası və təmirinə də öz töhfəsini verib. Versal Sarayının parkı, Strasburq Kafedral kilsəsi və Fransada 20-dək kilsənin bərpasına dəstək göstərilib. Milan, Antalya, Astana, Dubay və Dohada keçirilən beynəlxalq sərgilərdə Azərbaycanın milli pavilyonları uğurla təşkil edilib.

Bakıda və regionlarda yerləşən bir sıra məscidlərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Qəbələ şəhərində yeni məscid inşa olunub, Nic qəsəbəsində “Cotari” Alban-udi kilsəsi və Müqəddəs Məryəm Ana Alban kilsəsi bərpa edilib. Şəki Xan məscidi kompleksi bərpa olunub, Şamaxıda Pirsaat Baba ziyarətgah-məscid kompleksi yenidən qurulub. Bakıdakı Müqəddəs Məryəmin Miladı Kilsəsində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün Xabad-Or-Avner Təhsil Mərkəzi inşa Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin digər bir mühüm aspekti həyata keçirilən layihələrin tarixi-ideoloji və siyasi məzmunu ilə bağlıdır.

XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin, Ermənistanın ölkəmizə vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərər Fondun daim diqqət mərkəzində saxladığı mövzulardır.

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir. Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhərağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib. Aşağı Gövhərağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir.

Qlobal əhəmiyyətli aktual mövzulara dair beynəlxalq tədbirlər təşkil edən Heydər Əliyev Fondu İSESCO, UNESCO, BMT-nin İnkişaf Proqramı, ÜST, UNICEF və digər beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində mədəniyyət, səhiyyə, uşaqların müdafiəsi isitqamətində layihələr reallaşdırıb. Fondun gənclər, təhsil, səhiyyə və mədəniyyət sahələrində Şanxay Əməkdaşlıq Təşkilatı və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birgə həyata keçirdiyi layihələr Azərbaycan-Çin münasibətlərinin inkişafına öz töhfəsini verib. İcazə verin, Heydər Əliyev Fondunun 20 illiyinin parlament platformasında qeyd edilməsinə görə Sizə öz təşəkkürümü bildirim. Heydər Əliyev Fondunun milli-mənəvi irsimizin təbliği, humanist, insanpərvər dəyərlərin, sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi tədbirlərin əsas qayəsi ulu öndərin irsini yaşatmaqdır. Ümummilli lider Heydər Əliyevin mükəmməl ideyaları və müdrik tövsiyələri Fondun çoxşaxəli fəaliyyətinin əsas ideoloji məzmununu təşkil edir”, – S. Məmmədov qeyd edib.

İntizar Əmirova

Oxşar xəbərlər

“Startup Fest Gəncə” proqramının final tədbiri keçirilib

Aynur Camal

Sovet vaxtından unudulan kənd Əhmədli/FOTO

Sevinc Sadıqova

Gənclərin karyerada özünüifadə bacarıqları inkişaf etdirilir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu