Bugun.tv xəbər verir ki, Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumlarla bağlı narahatlıqlar dünya bazarında neft qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub. Bu artım ABŞ və İran arasında gərginliyin azala biləcəyinə dair ümidlərin fonunda baş verib.
Reuters agentliyinin noyabrın 11-də yaydığı məlumata görə, Bakı vaxtı ilə saat 08:20-yə olan göstəricilərdə “Brent” markalı neftin bir barelinin qiyməti 1,1 faiz artaraq 92,53 dollara, ABŞ-nin “WTI” markalı neftinin qiyməti isə 0,8 faiz yüksələrək 86,71 dollara çatıb. Bununla da qiymətlər əvvəlki sessiyada qeydə alınan son iki ayın ən aşağı səviyyəsindən yüksəlib.
Məlumata görə, oktyabr ayında Hörmüz boğazında və ətraf sularda 37 gəmi hücuma məruz qalıb. Bu, Yaxın Şərqdə müharibə başlayandan bəri qeydə alınan ən yüksək aylıq göstəricidir. Noyabr ayında da gəmi hücumlarının davam etdiyi bildirilir.
Analitiklər hesab edirlər ki, hətta diplomatik razılaşma əldə olunsa belə, gəmi daşımalarının əvvəlki səviyyəyə qayıtması mina təmizlənməsi, sığorta xərcləri və təhlükəsizlik risklərindən asılı olacaq.
Mənbə: Reuters
