Birləşmiş Millətlər Təşkilatı (BMT) Hörmüz boğazında artan gərginlik səbəbindən yüzlərlə ticarət gəmisində qalan təxminən 6 min dənizçinin təhlükəsiz şəkildə təxliyəsi üçün təcili tədbirlər görülməsinə çağırıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu bildirib ki, atəşkəsə baxmayaraq, minlərlə dənizçi hələ də gəmiləri tərk edə bilmir və təhlükəsiz çıxış gözləyir.
BMT vurğulayıb ki, münaqişə tərəfləri dərhal təhlükəsiz humanitar dəhliz yaratmalı, dənizçilərin təxliyəsini təmin etməli və onlara ərzaq, su, tibbi yardım kimi əsas ehtiyacların çatdırılmasına şərait yaratmalıdır.
Qurum xatırladıb ki, mülki gəmilərə qarşı hücumlar beynəlxalq humanitar hüquqa ziddir və bu cür hücumlar dərhal dayandırılmalıdır.

BMT eyni zamanda dövlətləri, gəmi sahiblərini və aidiyyəti qurumları konsulluq dəstəyinin göstərilməsi, zəruri ləvazimatların çatdırılması, eləcə də dənizçilərin öz ölkələrinə qaytarılması prosesinin sürətləndirilməsi üçün birgə fəaliyyətə çağırıb.
Bu çağırış Yaxın Şərqdə gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir. ABŞ-ın İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə neft tankerlərinə hücumlarından sonra İrana yeni hava zərbələri endirməsi bölgədə vəziyyəti daha da mürəkkəbləşdirib. Bununla yanaşı, ABŞ ordusu Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq qaldığını bildirir.
Mənbə: BMT
