19 C
Baku
8 Sentyabr 2024, 3:25
Baş xəbərMədəniyyət

“I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək

Mədəniyyət Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata görə, 21-25 may tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.

Beş gün davam edəcək festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerikan bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.

Festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur. Dəvətli ifaçılar sırasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.

Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq və dünya musiqi ədəbiyyatı üçün vacib hesab edilən əsərlərlə zəngindir. Musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar.

“I Bakı Müasir Musiqi Günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.

Festivalın açılış konserti mayın 21-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. Müasir musiqi layihəsi Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi (25 may, 19:00) ilə başa çatacaq.

Layihə haqqında daha ətraflı məlumat almaq üçün festivalın rəsmi saytına keçid etmək, eləcə də sosial şəbəkələrdə facebook, instagramda izləmək mümkündür.

Aynur Camal

Oxşar xəbərlər

Toz fırtınası həyatı iflic etdi

Aynur Camal

Tanınmış müğənni vəfat etdi

Nigar Məmmədova

Sandra Fur “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu