Bugun.tv xəbər verir ki, Myanmar sahillərində rohinca müsəlmanlarını daşıyan iki qayığın qəzaya uğraması nəticəsində 500-dən çox insanın həlak olduğu ehtimal edilir.
Al Jazeera telekanalının məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bildiriblər ki, qayıqlar iyunun sonlarında Myanmarın Rakxayn ştatından yola düşüb. Onlardan birində təxminən 250, digərində isə 280-ə yaxın sərnişin olub. İlkin məlumatlara əsasən, hər iki qayıq güclü musson hava şəraiti səbəbindən batıb.
Beynəlxalq təşkilatlar bildirirlər ki, indiyədək yalnız az sayda sağ qalan müəyyən edilib və yüzlərlə insanın taleyi naməlum olaraq qalır. Bu hadisə Andaman dənizi və Benqal körfəzini qaçqınlar üçün dünyanın ən təhlükəli dəniz marşrutlarından biri kimi bir daha gündəmə gətirib.
BMT nümayəndələri rohincaların təhlükəli dəniz səfərlərinə çıxmasının əsas səbəbləri kimi Myanmarda davam edən zorakılıqları, Banqladeşdəki qaçqın düşərgələrində ağır həyat şəraitini və humanitar yardımın azalmasını göstəriblər. Təşkilatlar beynəlxalq ictimaiyyəti axtarış-xilasetmə əməliyyatlarını gücləndirməyə və qaçqınların müdafiəsi üçün təcili tədbirlər görməyə çağırıblar.
Mənbə: Aljazeera

