Baş xəbər

İlham Əliyev: 5 il ərzində Azərbaycanda bərpaolunan enerji hər yerdə olacaq

Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda çıxış edib.

Dövlət başçısı uzunmüddətli və dayanıqlı iqtisadi artımın təmin edilməsi üçün neft və qazdan kənar sahələrin potensialından daha geniş istifadə edilməsinin vacibliyini vurğulayıb.

İlham Əliyev bildirib ki, bərpaolunan enerji, logistika, nəqliyyat, elektrik enerjisinin ixracı və dağ-mədən sənayesi gələcəkdə Azərbaycan iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən olacaq.

Prezident qeyd edib ki, son 20 il ərzində Azərbaycana təxminən 350 milyard dollar investisiya yatırılıb. Bu vəsaitin təxminən yarısının birbaşa xarici investisiyaların payına düşdüyünü bildirib.

İlham Əliyevin sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda bərpaolunan enerji üzrə təxminən 158 giqavatlıq potensial mövcuddur. Artıq quruda günəş və külək elektrik stansiyalarının da fəaliyyət göstərdiyini xatırladan Prezident qarşıdakı hədəflərdən danışıb.

“Hədəfimiz elektrik enerjisi istehsalında təbii qazdan istifadəni mümkün qədər minimuma endirmək və bu ehtiyatı ixrac üçün yönəltməkdir. Qarşıdakı 5 il ərzində bərpaolunan enerji Azərbaycanın hər yerində olacaq”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı bərpaolunan enerjinin yalnız istehsaldan ibarət olmadığını, ötürmə və enerji saxlama imkanlarının da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Hazırda Azərbaycanda 250 meqavatlıq enerji saxlama gücünün olduğunu, bunun isə yalnız başlanğıc mərhələsi olduğunu bildirib.

İlham Əliyev Azərbaycanın gələcəkdə mühüm elektrik enerjisi ixracatçılarından birinə çevrilməsini hədəflədiyini deyib. Xüsusilə Avropa bazarına elektrik enerjisi ixracının enerji təhlükəsizliyini və qarşılıqlı əlaqələri gücləndirəcəyini vurğulayıb.

Prezident logistika və nəqliyyatın da iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal iştirak edir.

İlham Əliyev qeyd edib ki, Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcminin bu il 16 milyon tona çatacağı gözlənilir. Hədəf 2030-cu ilədək həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində bu göstəricini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır.

Dövlət başçısı dağ-mədən sənayesinin də böyük potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl bu sahənin inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib.

İlham Əliyev neft və qaz sektorunun Azərbaycan iqtisadiyyatında əhəmiyyətini qoruyacağını, bu sahədən əldə olunan gəlirlərin yenidən investisiyaya yönəldiləcəyini də vurğulayıb.

Prezident həmçinin Azərbaycanın milli valyutasının sabitliyinə toxunaraq qeyd edib ki, 2017-ci ilin aprelindən etibarən 1 ABŞ dolları 1,70 manat səviyyəsindədir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Türkiyə-Azərbaycan qardaşlığı əbədidir

Aynur Camal

Vətəni hər şeydən uca tutdular

Aynur Camal

Hulusi Kılıç: Can Azərbaycanın hədəfə alınması bizim ailəmizə yönəlmiş hücumdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu