Bugun.tv-xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəranda yeni yaradılmış Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
Açılış mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib.
Məlum olub ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin əsası 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək yeni mərkəz formalaşdırılıb. Mərkəz 2024-cü ildən Publik Hüquqi Şəxs statusunda fəaliyyət göstərir.

Mərkəzdə müasir tədris korpusları, idman və kulinariya təlim binaları, laboratoriyalar, avtotəmir və CNC emalatxanaları, istixana, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Yataqxana binası 53 nəfərlikdir, ümumi korpus sayı isə 7-yə çatdırılıb.
2025/2026-cı tədris ilində 42 ixtisas üzrə 962 tələbə təhsil alır, onların 385-i qadındır.


Tədris sahələri turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji üzrədir. Yeni maddi-texniki baza elektrik və hibrid avtomobillərinin texniki qulluğu, kompüter şəbəkələri, proqramla idarə olunan sənaye avadanlıqları, kibertəhlükəsizlik, proqramlaşdırma, binaların tikintisi və elektrik sistemlərinin quraşdırılması kimi müasir ixtisasları əhatə edir.


Mərkəzdə ilk peşə, texniki və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda 138 nəfər əməkdaş çalışır. Mərkəz 30-a yaxın dövlət və özəl müəssisə ilə əməkdaşlıq edir, kadr hazırlığı, ustad dərsləri, istehsalat təlimləri və sosial-innovativ layihələri həyata keçirir.






Mənbə: prezident.az
