Biz çox çalışdıq ki, Ermənistanla münaqişəni sülh yolu ilə həll edək.
Bugun.tv xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da “Bu gün dünya: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
“Münaqişələr iki yolla həll oluna bilər: sülh və qeyri-sülh. Biz Ermənistanla münaqişənin sülh yolu ilə həllinə çox çalışdıq, baxmayaraq ki, Ermənistanın Azərbaycanda işğalı nəticəsində humanitar böhran yaranıb, 1 mln. Azərbaycanlılar evsiz-eşiksiz qalıb, qaçqın və məcburi köçkünə çevriliblər”, – dövlət başçısı vurğulayıb.
O, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, onları Qarabağdan qovduğunu, bir milyon azərbaycanlının əzab-əziyyətə məruz qaldığını qeyd edib.
“Problemi sülh yolu ilə həll etmək və Ermənistanı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə əməl etməyə inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan bu qətnamələrə məhəl qoymayıb, beynəlxalq hüquqa və ictimaiyyətə hörmətsizlik nümayiş etdirib”- prezident əlavə edib.
