Bugun.tv xəbər verir ki, ABŞ alimləri 1945-ci ildə həyata keçirilmiş ilk nüvə sınağının qalıqları üzərində apardıqları yeni araşdırmalar zamanı əvvəllər elmə məlum olmayan kristal quruluşu aşkar ediblər.
Mütəxəssislərin bildirdiyinə görə, söhbət 16 iyul 1945-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatında keçirilmiş məşhur Trinity nüvə sınağının nəticəsində əmələ gələn radioaktiv şüşəvari maddələrdən gedir. Tədqiqatçılar bu materialların tərkibini müasir analiz üsulları ilə yenidən öyrənərək yüksək temperatur və güclü təzyiq şəraitində formalaşmış nadir kristal birləşmələr müəyyən ediblər.
Alimlər hesab edirlər ki, bu kristallar Yer üzündə təbii proseslər nəticəsində yaranmır və yalnız nüvə partlayışları zamanı meydana gələ bilər. Araşdırma müəlliflərinin fikrincə, yeni tapıntı keçmiş nüvə sınaqlarının izlərini daha dəqiq müəyyən etməyə, həmçinin gələcəkdə qanunsuz nüvə fəaliyyətinin aşkarlanmasına kömək edə bilər.
Mütəxəssislər qeyd edirlər ki, nüvə partlayışları nəticəsində yaranan materialların öyrənilməsi həm geologiya, həm də nüvə təhlükəsizliyi sahəsində mühüm əhəmiyyət daşıyır.
Mənbə: Daily Science
