Bugun.tv xəbər verir ki, ABŞ-də aparılan genişmiqyaslı araşdırma ətraf mühit və qida vasitəsilə insan orqanizminə daxil olan “sonsuz kimyəvi maddələr”in demək olar ki, bütün qan nümunələrində aşkarlandığını ortaya çıxarıb.
Söhbət təbiətdə parçalanmayan və bu səbəbdən “sonsuz kimyəvi maddələr” adlandırılan PFAS maddələrindən gedir. ABŞ-də 10 mindən çox qan nümunəsi üzərində aparılan analizlər zamanı nümunələrin 98,8 faizində bu maddələrə rast gəlinib.
Mütəxəssislər bildirirlər ki, suya, istiyə və yağa davamlılıq yaratmaq üçün sənayedə istifadə olunan bu maddələr artıq yalnız ətraf mühitdə deyil, insanın bioloji sisteminin də bir hissəsinə çevrilib.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri insanların bu maddələrə tək bir növ kimi deyil, eyni anda bir neçə müxtəlif PFAS birləşməsi şəklində məruz qalması olub. Təhlil edilən nümunələrin yalnız mində ikisində bir kimyəvi növ aşkarlanıb, əksər hallarda isə beş və daha çox PFAS maddəsinin birlikdə olduğu müəyyən edilib.
Xüsusilə tekstil və mebel istehsalında istifadə olunan bəzi PFAS növlərinin demək olar ki, bütün qan nümunələrində mövcud olması alimlərin diqqətini çəkib.
Tədqiqatçılar qeyd edirlər ki, bu kimyəvi maddələrin orqanizmdə bir-biri ilə necə qarşılıqlı təsir göstərdiyi hələ tam öyrənilməyib. Lakin alimlər hesab edir ki, bu mürəkkəb kimyəvi qarışıq sağlamlıq risklərini daha da artırır.
Əvvəlki araşdırmalarda PFAS maddələri erkən hüceyrə qocalması, beyin funksiyalarında dəyişikliklər və bəzi xərçəng növləri ilə əlaqələndirilib.
Ekspertlər vurğulayırlar ki, hökumətlər bu maddələrin istifadəsinə məhdudiyyətlər tətbiq etməyə başlasa da, PFAS maddələrinin həm təbiətdə, həm də insan orqanizmində parçalanmaması uzunmüddətli çirklənmə problemini daha da dərinləşdirir.
Mənbə: Trt.haber
