“2025-ci ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri və CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoydu. Bu səfər çərçivəsində imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Haqqında Birgə Bəyanat ikitərəfli əlaqələrin yalnız iqtisadi deyil, həm də siyasi və humanitar sahələrdə daha da dərinləşməsini təmin etdi”.
Bugun.tv -xəbər verir ki, bu barədə şərhi Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva verib.
O, şərhinin davamında qeyd edib ki, Azərbaycanın geostrateji mövqeyi və Çinin qlobal güc mərkəzi kimi rolu bu tərəfdaşlığı regional və qlobal balansların formalaşmasında mühüm amilə çevirir. Ölkə başçısı İlham Əliyev müsahibəsində vurğuladı ki, Azərbaycanın “Vahid Çin” siyasətinə verdiyi dəstək və Çinin Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsi iki ölkə arasında qarşılıqlı etimadın və strateji əməkdaşlığın əsas dayaqlarıdır. Bu qarşılıqlı siyasi dəstək Cənubi Qafqaz və Asiya arasında mühüm körpü rolunu oynayan Azərbaycanın regional sabitlikdəki mövqeyini gücləndirir.
Azərbaycan-Çin iqtisadi əməkdaşlığının mərkəzində “Bir kəmər, bir yol” təşəbbüsü dayanır. Ölkə başçısı İlham Əliyev bu təşəbbüsün Azərbaycan üçün yalnız tranzit marşrutu deyil, həm də sənaye və biznes infrastrukturunun inkişafı üçün geniş imkanlar yaratdığını qeyd edib. Azərbaycanın yerləşdiyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəni Avrasiya ticarət yollarının kəsişməsində əsas oyunçuya çevirir. Son illərdə tranzit daşımalarında 86 faiz artım, yüklərin daşınma müddətinin isə 10-12 günədək enməsi bu əməkdaşlığın konkret nəticələrini nümayiş etdirir. Hədəf isə bərpaolunan enerji, nəqliyyat və istehsal sahələrində milyardlarla dollarlıq investisiyaların cəlb edilməsidir. Çində açılmış altı Azərbaycan Ticarət Evi və Azərbaycan məhsullarının, o cümlədən şərabların Çin bazarına çıxarılması bu istiqamətdə atılan real addımlardır. Əlavə olaraq, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
İqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın 2030-cu ilə qədər 6500 meqavat yaşıl enerji istehsalı potensialını reallaşdırmaq planı ölkənin enerji təhlükəsizliyini artırmaqla yanaşı, təbii qaz ehtiyatlarını beynəlxalq bazarlara yönəltməyə imkan verəcək. Çin şirkətləri bu prosesdə mühüm rol oynayır – elektriklə işləyən avtobusların alınması və Azərbaycanda BYD ilə birgə istehsal layihəsi, Günəş panellərinin idxalı və quraşdırılması yaşıl nəqliyyat və enerji sahəsində ortaq məqsədləri əks etdirir.
Azərbaycan-Çin əməkdaşlığı yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Humanitar və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Qarşılıqlı vizasız rejimin tətbiqi bu əməkdaşlığın humanitar aspektini yeni səviyyəyə çıxarır. Prezident İlham Əliyev bu təşəbbüsün Azərbaycan üçün turizm və mədəniyyət sahəsində böyük potensial daşıdığını qeyd edib. Onun fikrincə, Çindən cəmi 1 faiz turistin Azərbaycana səfər etməsi belə, ölkənin turizm sektorunda ciddi canlanma yarada bilər. Bu addım yalnız iqtisadi fayda deyil, eyni zamanda xalqlar arasında mədəni yaxınlaşmaya da təkan verəcək. Təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Çin-Azərbaycan Universitetinin yaradılması ideyası, texnologiya və süni intellekt sahələrində mübadilə proqramları iki ölkə arasında insan resurslarının inkişafında mühüm rol oynaya bilər.
Bu əməkdaşlıq Qlobal Cənub daxilində də yeni perspektivlər açır. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının fəal üzvü kimi Qlobal Cənubun maraqlarını müdafiə etdiyini və Çini bu regionun liderlərindən biri hesab etdiyini vurğulayıb. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına yaxınlaşması, çoxtərəfli əməkdaşlıq formatında Çinlə birgə layihələrin həyata keçirilməsi ölkənin regional və qlobal mövqeyini möhkəmləndirir. Azərbaycanın geosiyasi mövqeyi, enerji resursları və nəqliyyat dəhlizlərindəki rolu Çinin Avrasiya strategiyasında Bakını mühüm tərəfdaşa çevirir. Pekində imzalanan sənədlər – enerji, nəqliyyat, mədəniyyət, texnologiya və hüquq sahələrini əhatə edən razılaşmalar – bu münasibətlərin geniş və dərin məzmununu təsdiqləyir.
Nəticə etibarilə, Azərbaycan-Çin münasibətləri təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də Qlobal Cənubun konsolidasiyası və çoxtərəfli əməkdaşlığın yeni mərhələyə keçidi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Pekin səfəri bu tərəfdaşlığın regional və qlobal təsirini daha da artırmaq üçün yeni imkanlar açır və Azərbaycanın Avrasiya qitəsindəki strateji rolunu möhkəmləndirir.