Bugün.tv-nin Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumata görə, “Hippolar : iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti ” adlı sərgi Sentyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək.
“Məqsəd ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinin yaratdığı problemlərin aradan qaldırılması yolunda gənclərin maarifləndirməsidir. Bu gün dünyada uşaqların üzləşdiyi problemlərdən heç biri iqlim dəyişikliyinin verdiyi ziyanlardan daha genişmiqyaslı deyil” – deyə UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib.
Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırkı iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən eksponatlar nümayiş etdiriləcəkdir. Sərgi uşaqların və gələcək nəsillərin həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən, geri dönməz dəyişikliklərə səbəb ola biləcək bəşər sivilizasiyasının buraxdığı karbon emissiyalarının artması və ətraf mühitin deqradasiyası məsələlərinə toxunur.
Eyni zamanda dünyaca məşhur müəllif Denis Tomopulos tərəfindən yaradılmış, uşaqlara ətraf mühitin çirklənməsi problemlərini və planetdə iqlim dəyişikliyi ilə mübarizə yollarını izah edən “Yer kürəsi deyir” cizgi filmi nümayiş etdiriləcək. Bundan əlavə layihə çərçivəsində gənc nəslin təhsil proqramları vasitəsilə iqlim dəyişikliyi problemləri haqqında maarifləndirilməsinə yönəlmiş “Comics Uniting Nations” toplusundan olan komikslər silsiləsi ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunacaqdır. Sərgidə həmçinin uşaqlar və gənclər üçün xüsusi olaraq ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məlumat turları, təqdimatlar və panel müzakirələri təşkil olunacaq.
Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.
Qeyd edək ki, sərgi 16 oktyabr tarixinədək davam edəcək.