İran ABŞ-ın hava zərbələrinə fasilə verdiyi müddətdə özünün də yeni hərbi hücumlar həyata keçirməyəcəyini açıqlayıb.
Bugun.tv xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iki həftəyə yaxın davam edən bombardman kampaniyasını müvəqqəti dayandırdıqdan sonra İran da qarşılıqlı olaraq hücumları dayandırmağa hazır olduğunu bildirib. Tehranın mövqeyi belədir: “Hücumlar dayanarsa, İran da əməliyyatlarını dayandıracaq”.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, Prezident Donald Tramp diplomatik səylərə imkan yaratmaq üçün hərbi əməliyyatlara fasilə verib. Onun sözlərinə görə, Vaşinqton hələ də diplomatik həll yoluna üstünlük verir, lakin bütün variantlar masada qalır.
Bununla yanaşı, İran Hörmüz boğazına nəzarəti əlində saxladığını vurğulayıb və hazırda ABŞ ilə yeni sülh danışıqlarına başlamağı planlaşdırmadığını açıqlayıb. Tehran bildirib ki, boğazdan keçən gəmilər üzərində nəzarət davam edir və bu məsələdə Omanla texniki məsləhətləşmələr aparılır.
Məlumata görə, qarşıdurmanın müvəqqəti səngiməsi neft bazarına da təsir edib. ABŞ və İran arasında hücumların dayanması fonunda dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb, çünki investorlar Hörmüz boğazında daşımaların tədricən bərpa olunacağına ümid edirlər.
Mənbə: Reuters
