Bugun.tv-yə daxil olan məlumata əsasən, ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı başlatdığı hərbi əməliyyatlarla başlayan müharibə artıq bir ayını geridə qoyub.
Müharibənin ilk günlərindən etibarən İranın cavab zərbələri və xüsusilə Hörmüz boğazının faktiki bağlanması qlobal iqtisadiyyata ciddi təsir göstərib. Dünya neftinin təxminən 20 faizinin keçdiyi bu strateji marşrutun bağlanması enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub.
Məlumata görə, davam edən qarşıdurma nəticəsində enerji və ərzaq qiymətlərində artım, inflyasiya və qıtlıq riski daha da güclənib. Beynəlxalq qiymətləndirmələrə əsasən, gündəlik milyonlarla barel neft tədarükünün azalması vəziyyəti daha da ağırlaşdırıb.

Münaqişə zamanı İran müxtəlif Körfəz ölkələrində yerləşən enerji və infrastruktur obyektlərinə zərbələr endirib. Eyni zamanda, regionda hərbi gərginlik artaraq genişmiqyaslı qarşıdurma ehtimalını yüksəldib.
Ekspertlər qeyd edir ki, müharibənin uzanması qlobal enerji bazarına və ticarət marşrutlarına uzunmüddətli təsir göstərə bilər. Xüsusilə Asiya ölkələrinin enerji təminatı ciddi risk altındadır.
Digər tərəfdən, Donald Tramp administrasiyasının NATO ilə bağlı açıqlamaları və Avropa ilə fikir ayrılıqları Qərb daxilində də gərginliyi artırıb.
Müharibənin dayandırılması üçün Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanı diplomatik təşəbbüslərlə çıxış edərək danışıqlar prosesini aktivləşdirməyə çalışır.
Mənbə: Ensonhaber
