İran Prezidenti Masud Pezeşkian ABŞ-la davam edən gərginlik fonunda münaqişənin diplomatik yollarla həllinə çağırıb.
TEHRAN – Dövlət başçısı bildirib ki, müharibənin davam etməsi nə İran, nə də ABŞ üçün sərfəlidir və tərəflər gərginliyin azaldılması üçün siyasi-diplomatik vasitələrə üstünlük verməlidirlər. Onun sözlərinə görə, təhlükələrə qarşı müqavimətlə yanaşı, eyni zamanda dialoq imkanlarından istifadə etmək vacibdir.
Prezident vurğulayıb ki, qarşı tərəfə etimadsızlıq və ehtiyatlı yanaşma zəruri olaraq qalır, lakin bu, diplomatik səylərin qarşısını almamalıdır.
Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. Aprelin 7-də isə ABŞ Prezidenti Donald Trump iki həftəlik qarşılıqlı atəşkəs elan edib.
Aprelin 11-də tərəflər İslamabad şəhərində bir neçə raund danışıqlar aparsalar da, uzunmüddətli razılaşma əldə olunmayıb. Tehran və Vaşinqton arasında fikir ayrılıqları səbəbindən növbəti görüşün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, ABŞ aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadası tətbiq etməyə başlayıb.
Mənbə: mail.ru
