Bugun.tv xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali lideri Müctəba Xameneinin təhlükəsizlik səbəblərinə görə ictimai tədbirlərdə iştirak etmədiyini bildirib.
Nazir Livanın Al-Mayadeen telekanalına verdiyi müsahibədə qeyd edib ki, ali lider ölkədə baş verən proseslərə yaxından nəzarət edir və qərarların qəbulunda fəal iştirak edir. Bununla yanaşı, aidiyyəti təhlükəsizlik qurumları onun açıq şəkildə ictimaiyyət qarşısına çıxmasını məsləhət görmür.
Əraqçi vurğulayıb ki, İran hökuməti ali liderlə daimi əlaqə saxlayır və dövlət idarəçiliyi normal qaydada davam edir.
Bundan əvvəl ali liderin ofisinin protokol xidmətinin rəhbəri Məzahir Hüseyni Müctəba Xameneinin səhhətinin yaxşılaşdığını açıqlamışdı. Onun sözlərinə görə, ali liderin bel və diz nahiyəsindən xəsarət aldığı, həmçinin qulaq arxasında cırıq yara müəyyən edildiyi bildirilmişdi.
Müctəba Xamenei atasının – Əli Xameneinin ölümündən sonra ali lider vəzifəsinə seçilib. O, mart ayında vəzifəyə gəldikdən sonra ictimaiyyət qarşısında görünməyib, lakin adından bir neçə müraciət yayımlanıb.
Mənbə: mail.ru
