Bugun.tv xəbər verir ki, İsrailin Ynet nəşri ABŞ və İran arasında əldə olunan razılaşmanı təhlil edərək Vaşinqtonun Tehrana qarşı siyasətini sərt tənqid edib.
Nəşrdə qeyd olunur ki, İran ağır hərbi zərbələrə baxmayaraq mövqeyini qoruyub saxlaya bilib və nəticədə ABŞ-ı danışıqlar masasında güzəştlərə getməyə məcbur edib. Məqalədə vurğulanır ki, problemin əsas mənbəyi İran deyil, ABŞ-ın nümayiş etdirdiyi zəiflikdir.
Ynet-in təhlilinə görə, Vaşinqtonun İranı təcrid etmək və təzyiq altında saxlamaq planları gözlənilən nəticəni verməyib. Nəşr hesab edir ki, ABŞ-ın sərt bəyanatları və hərbi əməliyyatları yekunda diplomatik kompromislə əvəzlənib.
İsrail mediası yazır ki, iyunun 19-da Cenevrədə imzalanması gözlənilən ABŞ–İran sazişi İsraildə müxtəlif siyasi düşərgələr tərəfindən narahatlıqla qarşılanır. Məqalədə bu razılaşmanın İsrail üçün strateji məğlubiyyət kimi qiymətləndirildiyi vurğulanır.
Nəşr həmçinin ABŞ Prezidenti Donald Trampın İranla razılıq əldə etməkdə israrlı olduğunu qeyd edərək, bunun Vaşinqtonun əvvəlki sərt mövqeyi ilə ziddiyyət təşkil etdiyini iddia edib.
Xatırladaq ki, ABŞ, İran və Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılıq əldə olunduğunu təsdiqləyiblər. Məlumata görə, saziş çərçivəsində 60 günlük atəşkəs müddətində İranın nüvə proqramı üzrə danışıqlar aparılacaq, ABŞ isə İrana qarşı tətbiq etdiyi dəniz blokadasını dayandıracaq. Bundan əlavə, Livan da daxil olmaqla bir sıra cəbhələrdə hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.
Mənbə: Ynet
