Bugun.tv xəbər verir ki, İsrail ordusu 2024-cü ilin yanvarında Qəzzada 5 yaşlı Hind Rəcəbin və onun ailə üzvlərinin öldürülməsi ilə bağlı hərbçilərin hərəkətlərinə dair cinayət araşdırması başladıb.
The Guardian yazır ki, İsrail Müdafiə Qüvvələri (IDF) hadisə zamanı əsgərlərinin Hind Rəcəbin və ailəsinin olduğu avtomobilə atəş açdığını ilk dəfə etiraf edib. Hadisə Qəzzada müharibənin ilk aylarında mülki şəxslərin ölümü ilə bağlı ən çox diqqət çəkən olaylardan birinə çevrilmişdi.
Hadisə 2024-cü il yanvarın 29-da baş verib. Hind Rəcəb ailəsi ilə birlikdə Qəzza şəhərindəki döyüş bölgəsindən çıxmağa çalışarkən onların olduğu avtomobil atəşə tutulub. Avtomobildəki bütün sərnişinlər, o cümlədən 5 yaşlı Hind həlak olub.
Hindin ölümündən əvvəl Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə telefon əlaqəsi saxladığı və xilas edilməsi üçün kömək istədiyi bildirilir. Uşağın olduğu avtomobilə çatmaq üçün göndərilən təcili yardım maşını da atəşə tutulub. Nəticədə iki tibb işçisi həlak olub. Hadisə yerinə yalnız 12 gün sonra, İsrail qüvvələrinin ərazidən geri çəkilməsindən sonra çatmaq mümkün olub.
İsrail ordusu əvvəlcə həmin ərazidə hərbçilərinin olmadığını bildirsə də, sonrakı araşdırmalar yaxınlıqda İsrail tanklarının olduğunu və onların hadisədə iştirak etdiyini göstərən dəlillər ortaya çıxarıb.
İndi isə İsrail ordusu hadisə ilə bağlı hərbi polisinin cinayət araşdırması aparacağını açıqlayıb. Ordunun bildirdiyinə görə, araşdırmaya qərar verilməsinə səbəb Fələstin Qızıl Aypara Cəmiyyətinə məxsus təcili yardım maşınının hərəkətinin koordinasiyasında mümkün pozuntularla bağlı əldə edilən nəticələr olub. Ordu həmçinin həmin təcili yardım maşınına da atəş açıldığını etiraf edib.
Hind Rəcəbin ölümü beynəlxalq səviyyədə geniş əks-səda doğurmuşdu. Hadisə ilə bağlı müxtəlif media və hüquq təşkilatlarının araşdırmaları İsrail ordusunun ilkin açıqlamalarını şübhə altına almışdı.
The Guardian qeyd edir ki, İsrail ordusunun fələstinlilərin ölümü ilə bağlı apardığı cinayət araşdırmalarının çox az hissəsi məhkəmə ittihamı və hökm ilə nəticələnir.
Mənbə: The Guardian
