Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin yeni planı mülki insanları Qəzzadan cənuba qovmaq və qalan əhalini üçüncü ölkələrə göndərmək məqsədi daşıyır. Beynəlxalq hüquqa məhəl qoymayan bu plan Qəzza xalqını aclıq, susuzluq və ölümün məngənəsində bir daha aciz qoyur.
İsrailin Qəzza zolağına qanlı hücumları 50 mindən çox dinc sakinin ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olduğu halda, Baş nazir Benyamin Netanyahunun administrasiyası indi daha təhlükəli planı həyata keçirməyə hazırlaşır. Təhlükəsizlik kabinetinin son iclasından sonra bütün Qəzza zolağının işğalını ehtiva edən yeni əməliyyat planı rəsmən açıqlanıb. Plan təkcə bölgənin hərbi yolla ələ keçirilməsini deyil, həm də uzunmüddətli nəzarəti nəzərdə tutur.
Digər tərəfdən, bu plan təkcə hərbi gediş demək deyil, həm də Fələstin xalqının tamamilə sürgün edilməsi və Qəzzanın demoqrafik strukturunun daimi dəyişməsi deməkdir. İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, “Biz bütün Qəzzada təhlükəsizliyi təmin edəcəyik. Girovları xilas edəcəyik, HƏMAS-ı məhv edəcəyik və İsrail vətəndaşlarının təhlükəsizliyinə zəmanət verəcəyik” deyib.
Lakin Netanyahu girovları xilas etmək üçün dəqiq bir plan hazırlaya bilməyib və onun əsl məqsədinin Qəzzanı boşaltmaq və yəhudi yaşayış məntəqələrinə açmaq olduğu düşünülür.
Netanyahunun açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqidlə qarşılanıb. İsrailin “terrorla mübarizə” adı altında Qəzzada əməliyyatlar apardığı, əslində isə addım-addım soyqırım planını həyata keçirdiyi ilə bağlı şərhlər var.
“İsrail 2005-ci ildən əvvəlki vəziyyətə qayıtmaq istəyir”
Yaxın Şərq üzrə ekspert Heydər Oruç İsrailin bu siyasətinin uzunmüddətli və ideoloji hədəfin nəticəsi olduğunu bildirir. Orucun sözlərinə görə, İsrail 2005-ci ildə Qəzzadan çəkilmə qərarını səhv hesab edir və bu gün atılan addımlar həmin dövr üçün “təzminat”dır.
“Netanyahu və onun kabinetinin ifrat sağçı üzvləri Qəzzanı vəd edilmiş torpaq kimi görürlər. Onlar 2005-ci ildə geri çəkilməyi təhlükəsizlik və ideologiya baxımından böyük itki hesab edirlər. İndi onlar 2005-ci ildən əvvəlki vəziyyətə qayıtmaq və Qəzzanı tamamilə İsrailin nəzarəti altına almaq istəyirlər”, – Oruç deyir.
Heydər Oruç qeyd edir ki, yeni işğal planında ABŞ-ın keçmiş prezidenti Donald Trampın “könüllü köç” planının izləri var. Tramp administrasiyasının planı Qəzza xalqının üçüncü ölkələrə göndərilməsini, bir növ etnik təmizləməni təklif edirdi. Bu plan zamanla yumşalsa da, İsrail bu fikrə sadiq qaldı.
“Trampın planının məqsədi Qəzzanı fələstinlilərdən təmizləmək və onları könüllü miqrasiya yolu ilə başqa ölkələrə göndərmək idi. Bu gün İsrail bu planın ilk variantına sadiqdir və könüllü deyil, məcburi köç üçün zəmin hazırlayır.
Yaxın Şərq üzrə ekspert Heydər Oruç
İsrail indi planı həyata keçirmək üçün müharibə və dağıntılardan istifadə edir. Aclıq, su qıtlığı, bombardmanlar və daimi təhlükə altında yaşamaq Qəzzalıları köç etməyə məcbur etmək üçün alət kimi istifadə edilib. Təhlükəsizlik kabinetinin qərarları da bu prosesin tərkib hissəsidir. Qəzzanın cənubunda tələyə düşmüş insanları üçüncü ölkələrə yönəltmək işğalın əsas məqsədlərindən biri kimi qiymətləndirilir.
Digər tərəfdən, Netanyahunun son açıqlamalarında girovların xilas edilməsi məqsəd kimi təqdim edilsə də, Heydər Oruç bunun sadəcə təbliğat olduğunu düşünür. Hətta İsrail ictimaiyyəti daxilində girovların həyatının hökumət üçün ikinci dərəcəli əhəmiyyət kəsb etməsi ilə bağlı ciddi tənqidlər var.
Oruç Netanyahunun əsas məqsədinin “düşmən üzərində qələbə” olduğunu və bunun İsrail xalqının təhlükəsizliyindən üstün tutulduğunu bildirib. Elə buna görədir ki, girov ailələri də təşkil etdikləri aksiyalarda hakimiyyəti sərt tənqid edirlər. Lakin bu etirazlar hökumətin Qəzza siyasətini dəyişdirmək üçün hələ də kifayət qədər təzyiq yaratmayıb.
Humanitar yardım İsrail üçün yeni silahdır
Heydər Orucun ən diqqətçəkən müşahidələrindən biri də İsrailin humanitar yardımdan silah kimi istifadə etməsidir. 2025-ci ilin mart ayından etibarən Qəzzaya yardım axını demək olar ki, tamamilə dayanıb. Təhlükəsizlik kabineti hazırkı yardımın kifayət qədər olduğunu qiymətləndirdi. Orucun sözlərinə görə, bu qərar həm real deyil, həm də qeyri-insani qərardır.
İsrail yardım axınına nəzarət etməyi və yardımın yalnız onunla əməkdaşlıq edəcək şəxslərə çatmasını təmin etməyi planlaşdırır. Bu o deməkdir ki, humanitar yardımlar siyasiləşdirilir və Fələstin xalqına təzyiq vasitəsinə çevrilir.
Bütün bu ağır hücumlara baxmayaraq, Heydər Oruç HƏMAS və Qəssam Briqadalarının hələ də aktiv olduğunu vurğulayır.
“Bu, sadəcə olaraq HƏMAS-a qarşı əməliyyat deyil. Bu, bütün Fələstin xalqını məhv etmək üçün sistematik bir cəhddir. Beynəlxalq ictimaiyyət sussa, Qəzza nəinki məhv ediləcək, həm də tarixdən silinəcək. Son günlər İsrail əsgərlərinə qarşı həyata keçirilən pusqular müqavimətin davam etdiyini göstərir. Milyonlarla dollarlıq silah və bombalara baxmayaraq, İsrailin HƏMAS-ı tamamilə zərərsizləşdirə bilməməsi bu işğalın uğurunu şübhə altına alır” – deyə ekspert bildirib.
Mənbə: TrtHaber