Malayziya Hava Yollarına məxsus, 2014-cü ildən bəri itkin düşmüş MH370 reysinin tapılması üçün Hind okeanında dərin dəniz axtarışları yenidən başlanıb.
Malayziya hökumətinin razılığı ilə Ocean Infinity şirkətinə aid “Armada 86 05” gəmisi okeanın cənub hissəsində müəyyən edilən yeni axtarış zonasına çatıb. Axtarışlar zamanı əvvəlki illərlə müqayisədə daha yüksək dəqiqliklə məlumat toplaya bilən müasir avtonom sualtı aparatlarından istifadə olunur.
8 mart 2014-cü ildə Kuala Lumpur–Pekin reysi zamanı radardan itən təyyarədə olan 239 nəfərin taleyini aydınlaşdırmaq məqsədilə bu dəfə təxminən 15 min kvadratkilometrlik daha dar ərazidə araşdırma aparılacaq. Malayziya Nəqliyyat Nazirliyi gəminin axtarış sahəsinə çatdığını və AUV-lərin suya endirildiyini təsdiqləyib.
Əvvəlki genişmiqyaslı axtarışlar nəticə verməsə də, yeni mərhələdə mütəxəssislər qəzanın baş vermə ehtimalı ən yüksək olan bölgəyə fokuslanır. Peyk məlumatlarına əsasən təyyarənin niyə marşrutunu dəyişərək Hind okeanının cənubundakı ucqar əraziyə yönəldiyi hələ də məlum deyil.
Şərqi Afrika sahillərinə çıxan bəzi qalıqlar təyyarənin dənizə düşdüyünü göstərsə də, əsas gövdənin yeri indiyədək müəyyən olunmayıb. Malayziya hökuməti əlverişsiz hava şəraiti səbəbindən apreldə dayandırılan axtarışların bu dəfə nəticə əldə olunana qədər davam etdiriləcəyini bildirir.
Mənbə: İlkha
