Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Azər Məmmədov ilə görüşünü öz sosial media hesabında paylaşıb.
Deputat bildirib ki, görüşdə Neftçala rayonunun Qaravəlli və Yeni Qışlaq kəndlərinin qazlaşdırılması ilə bağlı millət vəkilinin müraciəti müzakirə olunub, burada mövcud olan problemlər diqqətə çatdırılıb. Qeyd edilmişdir ki, sözügedən yaşayış məntəqələrində qaz təminatının olmaması əhalinin gündəlik həyatına mənfi təsir göstərir və bu sahədə yaranan çətinliklərin aradan qaldırılması sosial baxımdan mühüm əhəmiyyət kəsb edir.
Tənzilə Rüstəmxanlı ümumilikdə Neftçala rayonunda qazlaşdırma ilə bağlı mövcud vəziyyəti diqqətə gətirərək, qarşıda duran problemlərin operativ həlli üçün zəruri addımların atılmasının vacibliyini vurğuladığını deyib. Görüşdə SOCAR rəhbərliyi və “Azəriqaz” İstehsalat Birliyinin məsulları məsələnin diqqətdə saxlanılacağını, Qarabəlli və Yeni Qışlaq kəndlərinin qazlaşdırılması istiqamətində praktiki tədbirlərin görüləcəyini bildirmişlər.
Nəticə etibarilə, Neftçala rayonunda qazlaşdırma ilə bağlı mövcud çətinliklərin mərhələli şəkildə aradan qaldırılması, kəndlərin qaz təminatının təmin edilməsi istiqamətində müvafiq müzakirələrin aparıldığı və prosesin dövlət qurumları səviyyəsində izləniləcəyi təsdiqlənib.