Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabındakı şərhdə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, gələn aydan etibarən ixrac rəsmiləşdirilməsi xərclərinə görə sahibkarlara kompensasiya ödənilməsinə başlanılacaq.
Deputatın sözlərinə görə, yeni mexanizm Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin gömrük rəsmiləşdirilməsi zamanı ödədikləri xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.
Vüqar Bayramov qeyd edib ki, kompensasiyalar mənşə sertifikatı əsasında veriləcək. Dəstəkdən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracını həyata keçirən mikro, kiçik və orta sahibkarlar yararlana biləcəklər.
Deputat vurğulayıb ki, kompensasiyanın məbləği gömrük dəyərinə tətbiq olunan yığım hədlərindən asılı olaraq fərqlənəcək. 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatları üzrə hər bir ixrac bəyannaməsi üçün yuxarı hədd müəyyən ediləcək və ödənişlər həmin limit çərçivəsində həyata keçiriləcək.
Onun sözlərinə görə, bu addım ixracatçı mikro, kiçik və orta sahibkarlığın dövlət dəstəyini gücləndirəcək, eyni zamanda qeyri-neft-qaz ixracının həcminin artmasına, məhsul çeşidinin genişlənməsinə və yeni xarici bazarlara çıxış imkanlarının artırılmasına töhfə verəcək.
